“Keşiş Baqrat Qalstanyanın etiraz hərəkatı dalana dirənib. Etirazçılar baş nazir Nikol Paşinyanı istefaya məcbur edə bilmirlər və bilməyəcəklər də. Alınmayacaq. Müxalifət partiyaları ilə çoxsaylı “məsləhətləşmələr”, Qarabağ ermənilərinin səfərbərliyi, katolikosun başçılıq etdiyi keşişlərin dəstəyi, qanuni oğruların köməyi, Rusiya mətbuatının ortaya atdığı məlumatların bir faydası olmur. Təhlilçilər bunu etirazçıların heç bir müsbət proqramı və şüarlarının olmaması ilə əlaqələndirirlər. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Qarabağ klanının əlində son alət terror aktı təşkil etmək və qanlı toqquşmalara səbəb olmaqdır”.
Bu fikirləri Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.
O qeyd edib ki, 30 il bundan öncə olsaydı, Robert Köçəryan öz əlaltılarına tərəddüd etmədən hərəkətə keçməyi əmr edərdi:
"Amma indi bunu etməyə tərəddüd edir. Çünki o, qocalıb, gəncliyindəki cəsarətini itirib və itiriləcək daha nələrsə var. Serj Sərkisyana gəlincə, onun artıq heç bir nüfuzu qalmayıb".
Politoloqun sözlərinə görə, Qalstanyan baş nazir olmayacaq, buna ehtimal azdır:
"Amma o, populyarlıq qazana və dindarların etimadını itirməkdə olan katolikos II Qareginin yerini tuta bilər. Ruhanilər arasında mübarizə, intiriqanın olması isə Paşinyanın xeyrinədir".
Sevinc,
BakuPost