Ru
12:11 / 10 Yanvar 2025

Komaya düşən qızla bağlı klinika və nazirlikdən AÇIQLAMA

Komaya düşən qızla bağlı klinika və nazirlikdən AÇIQLAMA
2737


Xəbər verdiyimiz kimi, Bakıdakı klinikalardan birində burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur.

Atası Aydın Abışzadə "Baku TV"-yə hadisənin həkim səhvi ucbatından olduğunu bildirib:

“Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”.


Nəzrin Mansurova

Əməliyyatı icra edən həkim Sənan Mehdiyev sözlərinə görə isə əməliyyat zamanı heç bir problem olmayıb: “Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz”.

Məsələ ilə bağlı əməliyyatın həyata keçirildiyi “Mərcan Klinika”sı ilə əlaqə saxladıq. Klinikanın baş həkimi Araz Ağayev Bakupost.az-a açıqlamasında bildirdi ki, hadisə ilə bağlı heç nə deyə bilməz.


Araz Ağayev

“Sənan doktorun özünün nömrəsi var. Onu yığın. Klinikanın mövqeyi ilə bağlı hazırda heç bir şey yoxdur. Belə də yazın yazın”, - deyə Araz Ağayev əsəbi halda bildirdi.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşı Mətin Məcidli isə məsələ ilə bağlı Bakupost.az -ın sorğusuna cavab olaraq bunları bildirdi:

“Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.”

Lalə Novruz, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar