Martın 16-sı Kopenhagendə yaşayan azərbaycanlılar üçün xüsusi bir gün oldu. Azərbaycan Diasporunun təşkilatçılığı ilə Novruz bayrami qeyd olundu , həmçinin müqəddəs Ramazan ayının iftarı bərabər açıldı.
Bakupost.az xəbər verir ki, tədbirin açılışını Danimarka Azərbaycan Vətəm Cəmiyyətinin sədri Mehriban Əliyeva Sadiqi etdi. O, öz səmimi təbrik nitqi ilə tədbirə toplaşan həmvətənlərimizi və qonaqları salamladı, bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin və birliyinin qorunub saxlanmasında mühüm rol oynadığını vurğuladı.
Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının solisti Nigar xanım Hüseynovanın tələbələri bu il estafeti kiçik rəqqaslarımıza həvalə etdilər. Onlar isə Copenhagen Infrastructure Partners şirkətinin Maliyyə Direktoru, dəyərli diaspor üzvümüz Nigar Mehdi Bjerrenin rəhbərliyi altında səhnəyə çıxaraq möhtəşəm bir performans sərgilədilər. Tədbirin ən yaddaqalan məqamlarından biri onların böyük həvəslə təqdim etdiyi "Uzundərə" rəqsi oldu. Balaca rəqqaslarımızın bu incə və ahəngdar ifası tədbirə xüsusi rəng qatdı və tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı. İftar süfrəsi üçün azan verildikdən sonra hamı birlikdə dua edib, iftar açdı. Tədbirin axşam proqramı isə Azərbaycanın və Özbəkistanın Xalq artistləri, sevilən muğam ustaları Gülyaz və Gülyanaq Məmmədova bacılarının möhtəşəm ifaları ilə davam etdi. Onların oxuduqları milli və muğam mahnıları tədbirə xüsusi ruh verdi, insanları birlik və vətən sevgisinə səslədi. Qonaqlar arasında qardaş Türkiyədən və Azərbaycanın ayrılmaz parçası olan Təbrizdən gələn soydaşlarımız da var idi. Bu, tədbirə daha da bəşəri, səmimi və geniş bir anlam qatdı.
Gecə boyunca uşaqlara və gənclərə Azərbaycanın qədim adət-ənənələri barədə məlumat verildi. Novruzun simvollarından olan yumurta döyüşü də təşkil olundu və böyük maraqla qarşılandı.
Bu gözəl tədbir bir daha sübut etdi ki, harada olmağımızdan asılı olmayaraq, milli birliyimizi və ənənələrimizi yaşadır və gələcək nəsillərə ötürürük.
Tədbirin sonunda bütün iştirakçılar birlikdə Danimarkadan Bakıya, doğma Azərbaycanımıza səmimi salamlarını göndərdilər. Bu, tədbirə xüsusi bir duyğu qatdı və hər kəsin ürəyində Vətən həsrətini və sevgisini daha da gücləndirdi.