Ru
15:17 / 27 Dekabr 2024

Kreml üzr istəməyə məcburdur, əks halda... - “Nezıqar”

Kreml üzr istəməyə məcburdur, əks halda... - “Nezıqar”
959

Kremldən və Ramzan Kadırovdan gələn təzyiqlərə baxmayaraq, Azərbaycan hökuməti təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı məxfiləşdirməkdən imtina edib.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Nezıqar” Teleqram kanalı Azərbaycan rəhbərliyinə yaxın mənbəyə istinadən yazıb.

“Biz günahsız insanların həyatı məsələsində həqiqəti gizlətməyə imkan verə bilmərik. Azərbaycan günahkarların kimliyindən asılı olmayaraq, müəyyən ediləcəyi və cəzalandırılacağı açıq və obyektiv istintaq aparacaq”, - deyə mənbə qeyd edib.

Aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər hesab edir ki, Böyük Britaniya və Fransanın əlində qəza ilə bağlı tutarlı sübutları olub.

“Ölkənin xüsusi xidmət orqanları son sutka ərzində London və Berlinlə birbaşa əlaqədədir”, - deyə kanal yazıb.

Başqa bir mənbə bildirir ki, Rusiya tərəfinin təyyarəni yerə endirməkdən imtina etməsi və onu Xəzər dənizi istiqamətində uçmağa məcbur etməsi Bakını hiddətləndirib və belə davranışın səbəblərini açıqlamağı tələb edir.

“Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) artıq istintaqda iştirak edəcəyini bəyan edib. Fransa isə ehtimal olunur ki, beynəlxalq KİV-lərə raketin trayektoriyasını və texniki parametrlərini əks etdirən obyektiv nəzarət məlumatlarını təqdim edib. Bu raketin Rusiyanın HHM sistemindən buraxıldığı güman edilir.

Böyük Britaniyanın bu faciəni beynəlxalq qalmaqal səviyyəsinə çıxarmaq niyyətində olduğu bildirilir. Hadisəni Ukraynada vurulmuş Malayziya “Boinq”i ilə müqayisə edirlər. Vəkillər artıq həlak olanların və zərərçəkənlərin ailələrinə Rusiyaya qarşı çoxmilyonlu iddialar qaldırmağı təklif edir. Bu iddialar müstəqil istintaqın nəticələrinə əsaslanacaq”, - kanal yazır.

Mənbələrin bildirdiyinə görə, Kreml tez bir zamanda antiböhran strategiyası hazırlaya bilməyib:

“Kreml antiböhran strategiyası hazırlamaqda çətinlik çəkir. Bəziləri Kadırovun mövqeyinə sakitcə baxır, digərləri Prezident Administrasiyasının məmurlarının reaksiyasını gözləyir – nəticədə vaxt itirilib. Heç kim məsuliyyəti üzərinə götürmək istəmir”.

Kanal qeyd edir ki, nəticədə federal KİV-lərə fövqəladə hallar xidmətinin və hökumətin qəza iştirakçıları və həlak olanların ailələri ilə işini müsbət şəkildə işıqlandırmaq tapşırılıb:

“Eyni zamanda, Vladimir Solovyov kimi əsas təbliğatçılar Ukraynanın əvvəlki illərdə vurduğu mülki təyyarələrlə bağlı əks narrativlər yaymağa başlayacaq. Lakin onlara 2014-cü ildə vurulmuş Malayziya Boinq MH17-nin adını çəkmək qəti qadağan edilib”.

Brüssel, Paris, Berlin və London daxil olmaqla, Avropa paytaxtları faciəyə görə məsuliyyət daşıdığı iddia edilən Rusiya müdafiə naziri və Hava-Kosmik Qüvvələrinin komandanına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edərək yüksək vəzifəli Rusiya hərbçiləri, o cümlədən nazir Belousovun həbsi üçün order tələb etmək planlaşdırılır.

Lakin Moskvadakı mənbələrə görə, Rusiya bu mənfi təsiri Bakı və Astananın köməyi ilə neytrallaşdıra biləcək.

“Rusiya üzr istəyəcək, kompensasiya ödəyəcək və razılıq əldə edəcək”, – deyə mənbə bildirib.

Bu arada mütəxəssislər qeyd edirlər ki, vəziyyət artıq regional insidentdən çıxıb və “dövlət terrorizmi ilə bağlı yeni qlobal qarşıdurma mərhələsinə keçməklə” nəticələnə bilər.

Qeyd olunub ki, İsrailin “El-Al” aviaşirkəti bəyan edib ki, Rusiyanın hava məkanındakı hadisələrlə bağlı Təl-Əviv–Moskva reysi üzrə bütün uçuşları yaxın bir həftəlik dayandırır. Onlar vəziyyətin yenidən qiymətləndirilməsindən sonra bərpa edilə bilər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar