Ermənistanın eyni vaxtda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqında (Aİ) olması mümkün deyil.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlamaq barədə qanun layihəsini təsdiqləyib.
Peskov bildirib ki, Ermənistanın Aİİ-də üzvlüyü həm dövlət, həm də erməni xalqı üçün olduqca müsbət dividendlər təmin edir. Bura müxtəlif sahələrdə inkişafın sürətləndirilməsi və digər üstünlüklər daxildir.
“İki müxtəlif təşkilatın üzvü olmaq sadəcə mümkün deyil. Burada (Aİİ-də) vahid gömrük zonası, malların, xidmətlərin, insanların və kapitalın azad hərəkəti mövcuddur. Orada (Aİ-də) isə tamamilə fərqli normalar tətbiq edilir. Hər şey erməni tərəfinin hansı prioritetlərə üstünlük verəcəyindən asılıdır” - deyə Kremlin nümayəndəsi qeyd edib.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Ermənistanın hansı təşkilatda iştirak edəcəyini seçmək hüququ var.
“Həmçinin bilirik ki, əslində Avropa İttifaqı özü üzvlük təşəbbüsünü irəli sürür və burada təşkilatın bu məsələ ilə bağlı mövqeyini anlamaq vacibdir. Məsələn, Türkiyə Respublikası ilə bağlı mövqeyini...” – deyə Peskov əlavə edib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə deyib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qanun layihəsi respublikanın Avropa İttifaqına birbaşa mənada üzv olmasını ifadə etmir, çünki bu məsələyə yalnız referendum yolu ilə qərar verilə bilər.
Lalə, BakuPost