Rusiya Kursk bölgəsinə 3 minə yaxın Şimali Koreya əsgəri göndərib. Onlar Ukrayna ilə sərhəddən 50 kilometr aralıda yerləşirlər.
Bakupost.az xəbər verir ki, bu barədə Financial Times bildirib.
Nəşr Ukrayna kəşfiyyatı nümayəndələrinə istinadən qeyd edir ki, 3 minə yaxın Şimali Koreya əsgəri gizli şəkildə Rusiyanın Uzaq Şərqindən Kursk vilayətinə mülki yük maşınları ilə gətirilib.
Ukrayna kəşfiyyatçılarının sözlərinə görə, 3 min nəfərdən yalnız bir neçə yüz nəfəri xüsusi təyinatlılar, qalanları nizami qoşunlardır. Bazar ertəsi, oktyabrın 28-də onlar Ukrayna sərhədindən təxminən 50 km aralıda kazarmalara yerləşdirilib və orada Rusiya komandanlığından əlavə əmr gözləyirlər.
Ukrayna kəşfiyyat rəsmiləri Şimali Koreyadan gələn əsgərlərin döyüş effektivliyini şübhə altına alaraq, əksəriyyətini təcrübəsiz, aşağı rütbəli piyadalar kimi xarakterizə edib.
Kəşfiyyatçılar qeyd edib ki, Şimali Koreya əsgərləri əvvəllər öz ölkələrini tərk etməyiblər, əsl döyüşlərdə döyüşməyiblər və onların təcrübələri müasir müharibədən çox uzaqdır. Xüsusilə, Şimali Koreya qoşunları ilk dəfə Rusiyada döyüş meydanında daim istifadə olunan kamikadze dronları görüblər.
Ukrayna rəsmiləri rusların Şimali koreyalılardan “top yemi” kimi istifadə edə biləcəyini düşünürlər.
Zaur, BakuPost