Ru
11:49 / 29 Avqust 2024

Lənkəranda iki professordan hansı deputat olacaq? - 12 dairənin ən şanslıları

6575
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Ötən yazılarımızda 73 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.

Bu dəfə isə daha bir neçə rayonda - Yardımlı, Masallı, Lənkəran, Astara və Aran bölgəsindəki seçki dairələrindən olan namizədlərin imkanlarını götür-qoy edəcəyik.




74 saylı Masallı Seçki Dairəsində 7 namizəddən 2-si siyasi partiya (YAP-dan deputat Məşhur Məmmədov, BAP-dan Şəfa Əzimova) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəflərdən 2-si işsiz, 1-i fərdi təsərrüfatçı, 1-i müəllim, biri isə "Embawood"un işçisidir. Ciddi rəqibləri olmadığından bu dairədə Məşhur Məmmədovun qalib gəlməsi çətin olmayacaq.





75 saylı Yardımlı-Masallı Seçki Dairəsindən 7 nəfər seçki yarışına qatılıb. Onlardan 3-ü siyasi partiya (YAP-dan Sərvər Əliyev, VHP-dən Samir Əsədli, MCP-dən Vüqar Dadaşov) təmsilçisi, 3-ü isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Musa Qasımlı da var. 75 saylı Yardımlı-Masallı Seçki Dairəsi də ən gərgin mübarizənin gedəcəyi dairələrdən hesab olunur. Təbliğat-təşviqat kampaniyası dövründə bitərəf namizədlərdən hüquqşünas Vüqar Dadaşov, şair İqbal Nəhmət, eləcə də VHP-nin namizədi Samir Əsədli fəallıqları ilə seçilirlər.



76 saylı Lənkəran-Masallı Seçki Dairəsindən isə seçki yarışına 6 namizəd qatılıb. Onlardan 1-i siyasi partiya (YAP-dan deputat Cavanşir Paşazadə) təmsilçisi, 5-i bitərəfdir. Bitərəflər o qədər də tanınmış insanlar deyil və mübarizə üçün yetərli resursları yoxdur. C.Paşazadənin onları üstələməsi o qədər də çətin olmayacaq.


77 saylı Lənkəran şəhər Seçki Dairəsindən seçkiyə qatılan 7 namizəddən 1-i siyasi partiya (YAP-dan “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev) təmsilçisi, 6-ı isə bitərəfdir. Bitərəflər arasında diqqəti cəlb edən ismlərdən yalnız ADA-nın prorektoru Fariz İsmayılzadənin adına rast gəlinir. Bu dairədən elə onun deputat seçiləcəyi deyilir.


78 saylı Lənkəran kənd Seçki Dairəsindən də seçkiyə 7 namizəd qatılıb. Onlardan 1-i siyasi partiya (YAP-dan deputat, professor Anar İsgəndərov) təmsilçisi, 6-sı isə bitərəfdir. Bitərəflər arasında BDU-nun digər professoru Nəsrulla Məmmədovun da adı diqqət çəkir. Lakin böyük ehtimalla bu dairəni Məclisdə Anar İsgəndərov təmsil edəcək.




79 saylı Astara Seçki Dairəsindən 6 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 1-i siyasi partiya (YAP-dan deputat Rəşad Mahmudov) təmsilçisi, 5-i isə bitərəfdir. Rayonda böyük nüfuzu olan R.Mahmudovun bitərəf rəqiblərindən 1-i müəllim, 1-i pensiyaçı, 3-ü isə işsizdir. Bu dairədən YAP namizədnin qalib gələcəyi heç bir şübhə doğurmur.


80 saylı Lerik-Astara Seçki Dairəsindən isə 10 nəfər deputat olmaq uğrunda mübarizə aparacaq. Onlardan 2-i siyasi partiya (YAP-dan Elman Rəcəbov, Müsavat Partiyasından isə Tahir Hüseynov) təmsilçisi, 8-i isə bitərəfdir. Bu dairədə əsas mübarizənin bitərəf, AMEA -nın Bakıxanov adına Tarix və Etnologiya İnstitunun baş elmi işçisi Vasif Qafarovla müsavatçı Tahir Hüseynov arasında gedəcəyi gözlənilir. Lakin T.Hüseynovun deputat seçilmək şansı yüksək qiymətləndirilmir.




81 saylı İmişli Seçki Dairəsində 7 namizəddən 2-si siyasi partiya (YAP-dan İsrafil Məmmədov, MCP-dən Razi Nurullayev) təmsilçisi, 5-i isə bitərəfdir. Əsas mübarizənin də elə iki partiya namizədi arasında gedəcəyi gözlənilir. R.Nurullayev ötən deputatlıq fəaliyyəti dövründə bu dairədə keçirdiyi görüşlər hesabına müəyyən nüfuz qazanıb və həmyerlilərinin yenidən onun xeyrinə seçim edəcəyi gözlənilir.


82 saylı İmişli-Saatlı Seçki Dairəsində 9 nəfər mübarizə aparacaq. Onlardan 3-ü siyasi partiya (YAP-dan Səyyad Salahlı, MCP-dən Ehtiram Mehtiyev, AMİP-dən Tapdıq Həsənov) təmsilçisi, 6-ı isə bitərəfdir. Bu dairədə köhnə YAP-çılardan olan Səyyad Salahlının qələbə şansı daha çoxdur.


83 saylı Beyləqan Seçki Dairəsindən 6 namizəd seçkiyə qatılıb. Onlardan 1-i siyasi partiya (YAP-dan deputat Şahin İsmayılov) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəf namizədlər əsasən gözətçi, usta, auditor və s. fəaliyyəti ilə məşğul olan şəxslərdir. Bu isə Şahin İsmayılovun yenidən deputat mandatı qazanmaq imkanlarını artırır.


84 saylı Füzuli Seçki Dairəsindən seçki marafonuna qoşulan 8 namizəddən 2-si siyasi partiya (YAP-dan Namiq Məmmədov, “Ümid” Partiyasından Anar İsayev) nümayəndəsi, 6-sı bitərəfdir. Bitərəf namizədlər arasında deputat Vüqar Bayramov da var. Kampaniyanın əvvəlindən V.Bayramov digər namizdələrdən xüsusi fəallığı ilə seçilir və onun bu dairəni yenidən parlamentdə təmsil etmək üçün Füzuli seçiçilərinin böyük əksəriyyətinin səsini qazanacağı proqnozlaşdırılır.


85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən 8 nəfər namizəd qeydə alınıb. Onlardan yalnız 1-i siyasi partiya (YAP-dan Dəyanət Cəfərov) təmsilçisi, 7-si isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Aqil Abbas da var. Onun bitərəf rəqibləri əsasən, fərdi təsərrüfat sahibləri və müəllimlərdir. Bitərəflər arasında ən fəal seçki kampaniyası aparan isə politoloq, Vergilər.az portalının redaktoru Anar Əliyevdir. O, hətta seçicilər arasında keçirilən sorğuda bu dairədən deputat seçiləcəyi ehtimal olunan Aqil Abbası üstələyə bilib.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar