Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:10 / 30 Dekabr 2022

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihəyə start verildi

61587
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib.

Bakupost.az xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin təmin edilməsi, o cümlədən onlara müdaxilə hallarının azaldılması, dəqiq inventarın müəyyən edilməsi və məlumatların dürüstləşdirilməsi, reyestrin formalaşdırılması və aparılması, ictimai nəzarətin gücləndirilməsindən ibarətdir.

Leyla Əliyevanın iştirakı ilə Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında layihə üzrə ilk ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.

Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil ediləcək. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçiriləcək. Qeydiyyatın aparılması üçün ilkin ərazi olaraq Nərimanov rayonu seçilib.

Layihənin hazırlanması zamanı ABŞ, İngiltərə, Almaniya və Avstriya kimi ölkələrin bəzi yerli inzibati idarəetmə vahidlərinin təcrübəsi öyrənilib, oxşar metodikadan istifadə edilib.

Ağacların qeydiyyatı üçün xüsusi tətbiqdən istifadə edilir ki, həmin tətbiqlə çəkilən şəklin üzərinə ərazinin GPS koordinatları, saat və tarixi, həmçinin digər zəruri identifikasiyaedici məlumatları avtomatik olaraq əlavə olunur. Ağacların növü, ölçüləri, yaşı, vəziyyəti və s. məlumatlar yaşıllıqların uçot vərəqəsinə qeyd olunaraq mərkəzləşdirilmiş vahid sistemə daxil edilir.

Nömrələnmə ağaclara tam zərərsiz olan üsulla aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.

Qeydiyyata alınmış yaşıllıqlar haqqında məlumatların daxil edilməsi və ictimaiyyətə təqdim olunması üçün xüsusi veb-sayt yaradılır. Həmin veb-saytda ağaclar xəritə üzərində nümayiş etdiriləcək, onların hər birinin şəkli və bütün məlumatları əks olunacaq.

Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinə əks-təsir göstərir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, bizə təmiz hava verir və həyatımızı təmin edir. Hesablamalara görə, hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir. Təəssüf ki, ölkəmizdə də yaşıllıqların qanunsuz məhv edilməsi halları baş verir ki, problemin tam və birdəfəlik həlli üçün ardıcıl və daha ciddi mühafizə və nəzarət tədbirlərinin keçirilməsi zəruridir.

Qeyd edilməlidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyləri ilə ölkədə yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlər, o cümlədən ağacların qanunsuz kəsilməsi və məhv edilməsinin qarşısını almaq məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramı, yaşıllıqların bərpası və genişləndirilməsi istiqamətində “Yaşıl Marafon”, “Yanğından Yaşıllığa” və digər layihələr həyata keçirilir.

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar