Ru
15:40 / 27 Yanvar 2025

Mal və quzu əti daha da bahalaşacaq - Ekspertlər səbəbləri açıqladı

Mal və quzu əti daha da bahalaşacaq - Ekspertlər səbəbləri açıqladı
2048


Son bir ay ərzində paytaxtda mal və quzu ətinin qiymətində artım qeydə alınıb. Belə ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1 manat, quzu ətinin qiymətində isə 2 manat fərq yaranıb. Qəssablar bunu heyvan qıtlığı ilə əlaqələndirir.

Qeyd edək ki, hazırda dana ətinin qiyməti 16 manatdır. Quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

Bəs qiymət artım nə ilə bağlıdır? Heyvan qıtlığı yaranmasının səbəbi nədir?

İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında bildirib ki, ətin qiymətinin artmasının bir neçə səbəbi var:

"Birinci səbəb ölkədə son illərdə ümumi inflyasiya səviyyəsinin yüksək olmasıdır. Pandemiyadan sonra Rusiya-Ukrayna müharibəsi ilə bu proses sürətləndi. Nəticədə qiymətlərin artması və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi digər məhsullar kimi, ətin də bahalaşmasına təsir göstərdi. İkinci səbəb,ət istehsalçılarının xərclərinin artmasıdır. Ətin bir kiloqramının maya dəyəri əvvəlki illərlə müqayisədə daha baha olub və bu proses hələ də davam edir. Bunun da bir neçə səbəbi var. Əsas səbəblərdən biri intensiv təsərrüfatlarda istifadə olunan yemlərin bahalaşmasıdır. Bundan əlavə, fərdi ev təsərrüfatlarında da xərclər artıb. Bu artımın səbəblərindən biri ot bağlamalarının bahalaşmasıdır. Eyni zamanda heyvandarlıq üçün istifadə olunan boş sahələrin azalması da təsir göstərir. Müxtəlif bağçılıq və təsərrüfatçılıq fəaliyyətləri heyvanların əvvəlki otlaq sahələrinin azalmasına səbəb olub. Xüsusilə Aran bölgəsində torpaqların şoranlaşması otlaq sahələrinin azalmasında rol oynayıb".


Ekspert həmçinin, heyvan sayının azalmasının da qiymət artımına təsir etdiyini bildirib:

“2016-2017-ci illərdə ölkədə 8,7 milyon baş xırda buynuzlu heyvan saxlanılırdısa, 2024-cü ildə bu rəqəm 7,7-7,8 milyona enib. Əhalinin artması fonunda heyvanların sayının azalması qiymət artımına səbəb olur. Bu tendensiyanı iri buynuzlu heyvanların statistikasında da müşahidə etmək olar. Son 10 ildə iri buynuzlu heyvanların sayında 5 faizdən çox azalma qeydə alınıb. Qiymətlərin artmasında həmçinin idxalın bahalaşması da rol oynayıb. Qlobal inflyasiya və daşıma xərclərinin artması idxal qiymətlərinin də yüksəlməsinə səbəb olub”.

X.Kərimlinin sözlərinə görə, qiymətlərin daha da bahalaşacağı gözlənilir:

“Ətin qiymətlərinin bahalaşmasına baxmayaraq, kəsilən heyvanların sayı göstərir ki, əhalinin ət istehlakı azalmayıb. Buna görə də xərclərin artması, saxlanılan heyvanların sayının azalması və tələbatın yüksək olması səbəbindən ət qiymətlərinin gələcəkdə daha da bahalaşacağı gözlənilir”.

İqtisadçı ekspert Akif Nəsirli isə Bakupost.az-a açıqlamasında qiymət artımını ölkədə heyvandarlıq üçün nəzərdə tutulmuş örüş sahələrinin azalması ilə əlaqələndirib:


"Azərbaycanda 2015-ci ildən başlayaraq, hətta deyərdim ki, 2000-ci ildən etibarən heyvandarlıq üçün nəzərdə tutulmuş örüş yerləri satılmağa başladı. 2000-ci ildə bələdiyyələr fəaliyyətə başladı və həmin dövrdən bələdiyyələrin balansında olan bütün örüş yerləri satıldı. Hökumət buna göz yumdu. Halbuki, bələdiyyələrin örüş yerlərini satmaq səlahiyyəti yoxdur".

Ekspertin sözlərinə görə, 2015-ci ildən etibarən pambıq strateji məhsul elan edilib və dövlət fondu torpaqlarına aid olan ərazilərdə pambıq əkməyə başlanılıb:

"Bu ərazilərdən fermaları çıxartdılar, otlaqları şumladılar. Oranın məhsuldarlığı aşağı olmasına baxmayaraq, həmin sahələrdə pambıq əkməyə başladılar. Daha sonra aqroparklar yaradıldı. Hökumətin 100-dən çox aqroparkı mövcuddur və həmin aqroparklar da birmənalı olaraq ölkənin örüş zonalarında yaradıldı. Beləliklə, ölkədə bütün örüş sahələri zəbt edildi. Hazırda həm iri, həm də xırda buynuzlu heyvanlar yalnız qapalı şəraitdə yetişdirilir. Qapalı şəraitdə yetişdirilən heyvanlara isə 24 saat fasiləsiz yem, ot və su verilməlidir. Bundan əlavə, onlara xidmət edən işçi heyət də olmalıdır. Bütün bunlar əlavə xərcdir".

Ekspert qeyd edib ki, son 10 ildə Azərbayacanda ətin qiyməti artaraq Avropa qiymətlərinə yaxınlaşıb:

“Beləliklə, həm örüş sahələrinin məhdudlaşdırılması, həm də heyvan saxlamaq üçün xərclərin artması nəticəsində iri və xırda buynuzlu heyvanların sayı azalıb, maya dəyəri isə yüksəlib. Bu səbəbdən 2015-ci ildən indiyə qədər, yəni son 10 ildə Azərbaycanda ətin qiyməti bahalaşıb və artıq Avropa qiymətlərinə yaxınlaşıb. Avropada orta aylıq əmək haqqı bizdəkindən bir neçə dəfə yüksəkdir. Azərbaycanda əhalinin ət almaq imkanı yoxdur, çünki qazancı buna yetmir".

Lalə Novruz, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar