Bu il dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,57 bənd təşkil edib. Məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 0,02 bənd az, ilin əvvəlinə nisbətən 0,09 bənd, illik müqayisədə isə 0,05 bənd çoxdur.
İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a deyib ki, iqtisadi aktivlik genişləndikcə, pulun dövretmə sürəti artır. Pulun dövretmə sürəti iqtisadiyyata təsir etmir, iqtisadiyyat pulun dövretmə sürətinə təsir edir:
“Manatın dövretmə sürətinin artması, milli valyutanın iqtisadiyyatda daha tez-tez istifadə edildiyini və pulun əl dəyişdirmə sürətinin yüksəldiyini göstərir. Əksinə, aşağı dövretmə sürəti, pulun daha az istifadə edildiyini və iqtisadi aktivliyin zəif olduğunun göstəricisidir. Dövretmə sürətinin yüksəlməsi, iqtisadiyyatda mal və xidmətlərin alqı-satqısının artdığını, yəni iqtisadi aktivliyin canlandığını nümayiş etdirir. Həmçinin pul vahidinin daha sürətli dövriyyəsi, mövcud pul kütləsinin daha effektiv istifadə edildiyini və iqtisadi əməliyyatların artdığını ifadə edir”.
İqtisadçı qeyd edib ki, manatın dövretmə sürəti daha çox iqtisadi aktivlikdən asılıdır:
"Məsələn, maliyyə bazarlarının inkişaf sürəti, mövsüm amili. Burada pul kütləsinin həcmi məsələsi, istehsal, idxal-ixrac məsələləri də var.
İqtisadiyyatda durğunluq başladıqda manatın dövretmə sürəti aşağı düşür. Bu, ilk növbədə iqtisadi aktivliyin aşağı olmasının, əhalinin xərcləməkdən qorxmasının göstəricisidir. Yəni əhalinin müəyyən gözləntiləri olur. Məsələn, böhran gözləntisinə görə əhali istehlakı azalda bilər. Nəticədə iqtisadi aktivlik aşağı düşə bilər. Manatın dövretmə sürətinin aşağı düşməsi iqtisadiyyat üçün müsbət amil deyil".
Sevinc,
BakuPost