Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasında (CHP) növbəti prezident seçkiləri üçün namizədin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur. Bunun üçün partiya daxilində səsvermənin keçirilməsi nəzərdə tutulub.
Partiyanın prezident seçkiləri üçün iki favorit namizədi var, bunlar Ankara bələdiyyə sədri Mansur Yavaş, İstanbul bələdiyyə sədri Ekrem İmamoğludur.
Bakupost.az xəbər verir ki, bu gün Mansur Yavaş prezident seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
O qeyd edib ki, namizədi müəyyənləşdirilmək hələ tezdir. "Seçkilərin tarixi bəlli deyil. O vaxta qədər Türkiyədə şərtlər dəyişəcək, hər şey dəyişəcək. Əvvəla, hesab edirəm ki, iqtisadi sıxıntı olduğu halda, namizədlər bir-birinin enerjisini tükətməməli və cəmiyyət bununla məşğul olmamalıdır", - Yavaş deyib.
Bələdiyyə sədri növbədənkənar seçkilərin keçiriləcəyi biləcəyini istisna etməyib. O, seçkilərin 2028-ci ildən əvvəl keçirilə biləcəyini deyib.
Yavaş partiya daxilində keçirilən ilkin səsvermədə iştirak edib-etməyəcəyi barədə sualı belə cavablandırıb: "Belə bir şey yoxdur. Sadəcə namizədliyi erkən hesab edirəm. O günə kimi kim qalacaq? İlk olaraq seçki tarixi müəyyənləşsin. Daha geniş danışa bilərik".