Xəbər verdiyimiz kimi, “Araz” supermarketindən xurma alan alıcı gözlənilməz hadisəylə rastlaşıb. O, evdə xurma qutusunu açarkən məhsula qurd düşdüyünün şahidi olub.
Məsələylə bağlı Bakupost.az -a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, istənilən məhsul təsərrüfatdan istehlakçıya çatdırılana qədər soyuq qida zənciri üzərində olmalıdır.
O, soyuq zəncirini təmin etməyin Qida Təhlükəsizliyi Agentliyinin əsas vəzifələrindən biri olduğunu bildirib:
“İstənilən bir məhsul istehsal yerindən istehlakçıya çatana qədər çoxlu risk yerlərindən keçir. Zəncirin istənilən nöqtəsində çirklənmə baş verə bilər. Çirklənmə baş verib və o xurmaya qurd düşüb. Hətta qar da üst-üstdə yağanda qurdlayır. Yəni bu artıq malın sıradan çıxması deməkdir. Əgər market şəbəkəsində belə hal müşahidə olunubsa, bu o deməkdir ki, həmin mal satılmamalıdır. O, zəncirin hansısa risk nöqtəsində çirklənib, istiyə məruz qalıb və yaxud yararlıq müddəti keçib. Gərək “Araz” supermarket belə şeylərə imkan verməsin”.
E.Hüseynovun sözlərinə görə, marketlərdə digər ciddi problem istehlakçıların aldadılmasıdır:
“Ümumiyyətlə, marketlər nə qədər cəlbedici, əhalinin girib-çıxdığı yer olsa da, təəssüf ki, dövlət orqanları onlara müdaxilə etmir. Marketlərdə böyük anarxiya baş verir. İstehlakçıların aldadılması, yüksək qiymət qoyulması, eləcə də mal gətirənlərin incidilməsi kimi çoxlu hallar mövcuddur. Çox təəssüflər olsun ki, marketlər üçün bu qaydalar yoxdur və onlar bundan sui-istifadə edirlər. Bu cür mal gərək mütləq satışdan çıxarılsın, “Araz” supermarket şəbəkəsi bu barədə müəyyən işlər görsün. Həmin məhsul partiyası mütləq ictimaiyyətin gözü qarşısınds məhv edilməlidir. Alıcılara belə keyfiyyətsiz, qurd düşmüş məhsulla rastlaşanda AQTA-ya məlumat vermələrini tövsiyə edirdəm”.
Vasif Əlihüseyn
BakuPost