Masallı rayonunda azyaşlı qıza qarşı kobud rəftar və əxlaqsız hərəkətlər edən yaşlı kişi həbs edilib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 24-də Masallı rayonunun kəndlərindən birində baş verib.
Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Məmməd Nəcəfovun (ad-soyad şərti verilib – red.) azyaşlı qıza qarşı kobud rəftar və əxlaqsız hərəkətlər etməsi ilə bağlı onun anası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Daha sonra şikayətçi Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Müəyyən edilib ki, həmin gün Məmməd və şikayətçilər arasında kənd ərazisində şəxsi münasibətlər zəmində mübahisə baş verib.
Mübahisə zamanı Məmməd kəndin mərkəzindəki küçədə uca səslə nalayiq ifadələr işlədib, ictimai asayişi kobud surətdə pozub.
Araşdırma zamanı Məmmədin azyaşlıya qarşı əxlaqsızlıq təklif etməsi faktı təsdiqini tapmayıb. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.
Lakin Məmmədin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinin tərkibi olduğu müəyyən olunub.
İş üzrə izahat verən Məmməd bildirib ki, şikayətçi Vəfa həmkəndlisi, Xumar isə onun qızıdır: “Həmin gün saat 19 radələrində kəndinin mərkəzində marketlərin birindən pivə alıb oradaca içdim. Sərxoş vəziyyətə düşdüyümdən Xumarın yoldan keçdiyini gördüm, onunla nəzakətli şəkildə salamlaşdım, atasının dostu olduğumu bildirdim. Mobil nömrəmi Xumara verdiyimi xatırlasam da, digər baş verənlər yadımda deyil. Xumar oradan uzaqlaşdı, mən də yoluma davam etdim. Təxminən 30 dəqiqə sonra Vəfa zəng etdi, harada olduğumu soruşdu. Bir az sonra kəndin mərkəzi küçəsində görüşdük. Həddindən artıq spirtli içki içdiyim üçün həmin vaxt aramızda nə söhbətlər olduğunu bilməmişəm. Əməlimdən peşmanam, xəcalət çəkirəm. Daha spirtli içki qəbul etməyəcəm”.
İş üzrə izahat verən azyaşlının valideyninin sözlərinə görə, həmin gün saat 20 radələrində qızı Xumar evdə ağlayaraq bildirib ki, Məmməd adlı şəxs ona qarşı əxlaqsızlıq təklif edib, onu çox istədiyini, sevdiyini bildirib və mobil nömrəsini ona verib: “Dərhal Məmmədə zəng edib harada olduğunu soruşdum. Uzaqda olduğunu dedi, mobil telefonunu söndürdü. Məmmədi axtardıqda onu kəndin mərkəzində - küçədə gördüm. Ondan nə üçün belə hərəkət etdiyini soruşdum. Hərəkətdən utandığını bildirdi və məndən üzr istədi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verdim. Polisə məlumat verdiyim üçün Məmməd küçədə kənar şəxslərin yanında ünvansız nalayiq sözlər işlətdi”.
Masallı Rayon Məhkəməsinin qərarı ilə Məmməd İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 12 gün müddətinə inzibati qaydada həbs edilib.