“Ukraynada saniyədə 300 meqabit internet sürətinə, təxminən, 8 dollar pul ödəyirdim. Eyni modemlə 100 meqabitin qiyməti isə 5 dollar idi. Bu gün Azərbaycanda internetin qiymətini 25 manat etdilər. İstədin, istəmədin, budur. 100 meqabit sürətlə 25 manata yüksək keyfiyyətli internet hər kəsə əlçatan olacaq. Gülməlidir. 25 manat ödəyirik, amma 100 meqabitimizi almırıq".
Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı İdris Cəfərov deyib.
O qeyd edib ki, bu məsəldə ortaya "digər əngəl və hoqqa" çıxır:
"Deyirlər ki, siz modemi dəyişməlisiniz. İstəyirsinizsə, 75 manata bizdən, istəmirsinizsə, başqa yerdən alın. Axı mən 300-500 meqabit sürət götürmürəm. 100 meqabit sürəti eyni modemlə Ukraynada alıram və internet operator bunu sənə pulsuz verir. Burada isə pul vermişəm, gətirib qurublar. İndi də 40 meqabiti mənə 25 manata verirlər. Pul verdiyim 100 meqabiti istəyəndə isə mənə deyirlər ki, bizdən bir dənə də modem almalısınız. O modemi almaq problem deyil, sadəcə, onun gücünə, şüalanmasına ehtiyacım yoxdur...”
Aparıcı günlərdir internetdən normal istifadə edə bilmədiyini vurğulayıb:
"2007-ci ildə Moldovaya getmişdim. Kasıb, acından günorta duran, qaraçılarla bol, iqtisadiyyatı böyrü üstə olan Moldovada universitetlərdə, hər yerdə 10 meqabit sürət var idi. Quzu kəsim, indi 2024-cü ildir. İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm. Bəlkə, yaşla əlaqədar bir az deyingənəm, yoxsa haqlıyam? Şadlanmağa da qoymurlar, pozitiv adamam. Deyirəm ki, heç nəyə əsəbləşməyəcəm, amma artıq neçə gündür, internetim işləmir. Bir gün ödəniş etməyəndə internetimi kəsirsiniz. Deyirlər ki, onu kompüter kəsir. Soruşuram ki, internetim yoxdur, nə edə bilərəm? Deyirlər ki, heç nə gözləyin, təmir edəcəyik. Çox absurd, gülməli vəziyyətdir. 2024-cü ildə adi internet nədir ki?”.
Elnur, BakuPost