Media savadlılığı müasir dövrdə informasiya mühitində düzgün yönəlmə qabiliyyətini artıran vacib bacarıqlardan biridir. Bu, insanların məlumatı tənqidi şəkildə qiymətləndirmək, fərqli mənbələri müqayisə etmək və yalan xəbərləri həqiqətdən ayırmaq bacarığını əhatə edir. Media savadlılığı həmçinin rəqəmsal texnologiyaların imkanlarından düzgün istifadə etməyi və etik davranış prinsiplərinə əməl etməyi öyrədir. Xüsusilə sosial şəbəkələrin sürətlə yayıldığı bir zamanda bu bacarıq manipulyasiyadan və dezinformasiyadan qorunmaq üçün vacibdir. Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməkdə də mühüm rol oynayır.
Mövzuyla bağlı
Bakupost.az -a danışan deputat Hikmət Babaoğlu bildirib ki, media savadlılığı çox geniş bir məfhumdur:
“Çünki bütövlükdə medianın funksiyalarını əhatə edən bir ifadədir. Media savadlılığı media mənsublarının dünyagörüşündən tutmuş media institutlarının təkmil, məqsədyönlü və intellektual göstəricilərini qaldırmaq üçün vacib bir institutlaşmadır. Biz həmişə mediadan danışanda onun maarifləndirmə funksiyasından söz açırıq. Media ümumi kütləvi rəyi təyin edən əsas vasitələrdən biri olduğu üçün onun dünyada və cəmiyyətdə baş verən bütün hadisələrə savadlı, analitik təhlil əsasında yanaşması və onları ictimai mühitə doğru təqdim etməsi mühüm əhəmiyyət kəsb edir. Əgər biz şərti olaraq qəbul etsək ki, hər bir fərdin ətraf mühitdə baş verənlərə reaksiyasını əldə etdiyi informasiyalar təyin edir, o zaman biz onun bu informasiyalardan nə qədər asılı olduğunu göstərik”.
Deputut qeyd edib ki, fərdlərin ümumi reaksiyası nəticə etibarilə ictimai rəyə çevrilir:
“Media həm cəmiyyəti məlumatlandırır, həm özü məlumatlanır. Təkrar olunan bu komplimentarlıq cəmiyyətin intellektual göstəricisini təyin etmiş olur. Ona görə də media savadlılığı çox mühüm bir məsələdir. Digər bir məsələ isə media subyektlərinin davranışları və hadisələrə yanaşmasıdır. Obyektivlik nə qədər zəruridirsə, intellektuallıq da bir o qədər vacibdir.
Bəşəriyyət xalqların mübarizə tarixidir, burada rəqabət var və daim belə olacaq. Bu mühitdə hər bir milli media öz maraqlarından çıxış edir. Ona görə də milli maraqlar məhz intellektual göstəricilərin sayəsində mediada təmin oluna bilər”.
Millət vəkili bildirib ki, dezinformasiya hər bir millətin demokratik ənənələrinə, hüquq sisteminə və cəmiyyətdaxili institutlarına ardıcıl şəkildə məqsədyönlü informasiya ötürməkdir:
“Bu, dolayısıyla cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaqla onu kənardan idarə etmək məqsədi daşıyır. Ona görə də biz dezinformasiyanı adi yalan kimi qəbul etməməliyik. Dezinformasiya milli informasiya mühitinin köklərini dağıtmaqla onun üzərində yalançı informasiyaların hakimiyyətini qurmağı hədəfləyir. Azərbaycan Prezidenti Milli Məclisin VII çağırışının açılış mərasimindəki çıxışında bu iki məsələyə toxundu. Bildirdi ki, Azərbaycan cəmiyyətinə qarşı ideoloji təhdidlər var. İkincisi, bildirdi ki, Azərbaycanda ictimai rəy üzərində hakim olmaq istəyənlər var. Həmin qüvvələr dezinformasiyanı məqsədyönlü şəkildə yaymaqla bizim informasiya məkanımız üzərində hakim olmağa çalışdılar. İctimai rəy üzərində hakim olmaq isə milli hakimiyyətə qarşı paralel hakimiyyət qurmaqdır. Biz bunun çox bariz bir nümunəsini indi Gürcüstanda görürük. Buna qarşı mübarizə indiki mərhələdə çox vacibdir”.
Hikmət Babaoğlu media savadlılığına önəm verməyin vacibliyini DƏ vurğulayıb:
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən müsabiqələrin təşkil olunması, media subyektlərinin məhz bu istiqamətdə motivasiya edilməsi, onlara maliyyə vəsaitinin ayrılması bu məqsədə hesablanıb ki, biz intellektual dərəcələrə malik olan savadlı cəmiyyətdə yaşayaq. Savadlı cəmiyyətin savadsız mediası ola bilməz. Savadsız cəmiyyətin də savadlı mediası ola bilməz. Bunlar bir-birinə bağlı məsələlərdir. Ona görə də media savadlılığı istiqamətdə daim addımlar atılmalıdır. Hər bir media subyekti öz üzərində işləməli və bugünkü gerçəkliklərlə ayaqlaşmalıdır. Milli maraqların müdafiəsi yalnız və yalnız savadlı münasibətlər sisteminin yaradılmasından keçir”.
Rəhman Mirzəlizadə, BakuPost