Xırdalan şəhərindəki 2 saylı məktəbin şagirdləri təhsil aldıqları məktəbdə şərait olmamasından narazıdırlar.
Bakupost.az xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə video paylaşıblar.
Şagirdlər bildiriblər ki, siniflərdə partalar yoxdur, bir partada 3-4 şagird oturur:
"Biz 26 nəfərik, amma bir partada 3-3, bəzən isə 4-4 otururuq. İşıqlar yanmır, kitablar hamısı cırıqdır, hər şey pis vəziyyətdədir. Belə məktəb olmaz olsun".
Məktəbin digər problemi isə sanitar qovşağın vəziyyəti ilə bağlıdır. Şagirdlərdən birinin sanitar qovşaqda yıxıldığı və başının zədələndiyini qeyd edilib:
"Keçən il bir uşaq ordan yıxıldı, başı partladı. Bəzən sanitar qovşaqlar ümumiyyətlə, bağlanır".
Valideynlər də məktəbdəki vəziyyətdən şikayətçidirlər. Onların dediyinə görə, qızların tualetinə oğlanlar, oğlanların tualetinə isə qızlar daxil olur.
Onların iddiasına görə, məktəbdə Leyla adlı müəllim sanitar qovşağın olmamasına etiraz etdiyi üçün işdən azad edilib:
"Məktəbdə keyfiyyətli dərs deyən müəllim yoxdur. Onlar dərslərə kifayət qədər diqqət ayırmır. Buna baxmayaraq, məktəbdə fond pulu yığılır, lakin mövcud problemlər həll edilmir".
Səslənən iddialarla bağlı Xırdalan şəhər 2 nömrəli məktəblə əlaqə saxladıq. Qəbul şöbəsinin adını açıqlamayan əməkdaşı yayılan videolarla bağlı şərh verə bilməyəcəklərini dedi və Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etməyi tövsiyə etdi.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsidən
Bakupost.az -a bildirdlər ki, qurumun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni binaların tikilməsi və mövcud binaların təmir olunması əsas prioritetlərdəndir:
"Belə ki, son bir il ərzində idarənin tabeliyində olan 20-dən çox məktəbdə cari, 7 məktəbdə isə əsaslı təmir işləri aparılıb, 1 yeni məktəb tikilərək istifadəyə verilib.
Xırdalan şəhər 2 nömrəli məktəbin binasının mövcud vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinə baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib. Maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə məktəbin növbəti il əsaslı təmir edilməsi nəzərdə tutulur. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".
Şagird sıxlığı ilə bağlı səsləndirilən iddialara gəlincə, Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildiriblər ki, əhalinin çox sıx məşkunlaşdığı Xırdalan şəhərində yerləşən məktəblərdə tədrisin keyfiyyətli və fasiləsiz təşkili daim nəzarətdə saxlanılır:
" Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” təsdiq edilib. Həmin normalara əsasən, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Bildiririk ki, şagird sıxlığı məsələsinə nəzarət edilir və normalara uyğun siniflər komplektləşdirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə səsləndirilən digər iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırmalar aparılır".
Lalə Novruz, BakuPost