Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:30 / 23 Oktyabr 2024

Məmməd İsmayılın 85 illik yubileyi qeyd olundu

713
Azərbaycanın görkəmli şairi, professor Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, yubiley tədbiri Beynəlxalq Muğam Mərkəzində təşkil edilib.

Tədbirin moderatoru Xalq şairi Sabir Rüstəmxanlı hər kəsi salamlayaraq bu yubiley tədbirinin təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirib. Məmməd İsmayılın ədəbiyyata gəldiyi illəri yada salan S.Rüstəmxanlı onun Azərbaycan ədəbiyyatı üçün necə qiymətli imza olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli Məmməd İsmayılın “Gənclik” jurnalını yaratması və özündən sonrakı ədəbi nəsilə dəstəyindən bəhs edib, AYB-nin Fəxri diplomunu yubilyara təqdim edib.

Millət vəkili Fazil Mustafa Məmməd İsmayılın yüksək bədii təfəkkür sahibi olmaqla yanaşı, Azərbaycanın milli şüurunun formalaşması prosesindəki müstəsna rolunu qeyd edib.

Akademik Muxtar İmanov Məmməd İsmayılın yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib, şairin poetik nümunələri, mövzu, ideya, bədii məziyyətlərindən söhbət açıb.

Millət vəkili, ədəbiyyatşünas Elnarə Akimova Məmməd İsmayılın müxtəlif illərdə qələm aldığı poetik nümunələr, onların xüsusiyyətləri barədə fikirlərini bölüşüb və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Polad Bülbüloğlunun təbrik məktubunu səbəbkara təqdim edib.

Tədbirdə millət vəkili Aydın Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, yazıçı Şərif Ağayar, şair Akif Əhmədgil, Əkbər Qoşalı, Aysel Səfərəliyeva və digər fikir adamları çıxış edərək Məmməd İsmayıl yaradıcılığı barədə söhbət açaraq şairi təbrik ediblər.

Müğənnilər Gülyaz Məmmədova, Rövşən Əziz, Ayşən Mehdiyeva Məmməd İsmayılın sözlərinə bəstələnmiş mahnılar ifa ediblər, Ağalar Bayramov və Xəzər Süleymanlının qiraətində şairin şeirləri səsləndirilib.

Sonda Məmməd İsmayıl tədbirin təşkilatçılarına, qonaqlara minnətdarlığını bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar