Ru
16:55 / 06 Dekabr 2024

“Mən öz qüssəli dünyamı sevirəm” – Əkrəm Əylisliylə doğum günü söhbəti

“Mən öz qüssəli dünyamı sevirəm” – Əkrəm Əylisliylə doğum günü söhbəti
3394

Bu gün tanınmış yazıçı Əkrəm Əylislinin doğum gündür. Onun 87 yaşı tamam olur.

Bakupost.az -ın əməkdaşı bu münasibətlə Əkrəm müəllimlə əlaqə saxalyıb, onu ad günü münasibəti ilə təbrik edib və əhvalı ilə maraqlanıb. Onunla söhbəti təqdim edirik:

- Salam, Əkrəm müəllim. Necəsiz?
- Təşəkkür edirəm, yaxşı olasınız.

- Doğum gününüzü təbrik edirəm. Sizə hər şeydən əvvəl can sağlığı arzu edirəm. Özünüzü necə hiss edirsiniz?
- Yaş öz sözünü deyir. Yaş ilə mübahisə aparmaq mümkün deyil. Pəhrizlə, dərmanla çalışıram özümü saxlayım. Hərdən mənə elə gəlir ki, bu sağlamlıq təkcə mənə yox, həm də ailə üzvlərimə, məni sevən oxucularıma lazımdır ki, bir az diri qalım, yazı-pozuyla məşğul olum.

- Yeni nəsə yazırsızmı?
-Təqribən, 15 gün əvvəl ABŞ-də “Adamlar və ağaclar” kitabım çap olunub. Onu mən keçən əsrin 60-cı illərində yazmışam. Bu ilin əvvəlində Gürcüstanda da kitabım çıxıb. Əsərlərim çap olunur və nə qədər ki yaşayıram, yazacağam.

- Əkrəm müəllim, özünüzə nə arzulayırsız?
- Özümə arzum budur ki, səhhətim yaxşı olsun. Hamımız yaxşı olaq. Millət də yaxşı olsun, özünü yaxşı hiss etsin, dolanışığı yaxşı olsun. Mənim xalqdan ayrı həyatım olmayıb. Yazıçının taleyi xalqın taleyindən çox asılıdır.

- Sonuncu cümlənizə əsasən, Əkrəm Əylislinin taleyi necə keçib?
- İndiki həyatı müşahidə edəndə çox da ürəkdən sevinə bilmirəm. Amma yəqin ki, sevinməli şeyləri də axtarsam, taparam.

- Bir müddət əvvəl gənc yazarlar arasında sizdən söz düşmüşdü. Onlardan biri dedi ki, Azərbaycan ədəbiyyatında təbiəti hər kəs təsvir edib, amma Əkrəm Əylisli təbiəti Van Qoq kimi əks etdirir – hər kəsin gördüyü, bildiyi şeyləri, lakin fərqli rənglərlə...
- Kim deyibsə, o adama minnətdaram. Bilirsiz, çox vaxt deyirlər ki, Əkrəm Əylislinin dili başqadır, onun dili fərqlənir. Deyilən söz doğru olanda yazının dili pis ola bilməz. Yalanı hər dildə demək olar, amma doğrunun bir dili var. Sözlər isə insanın ürəyindən, yaddaşından asılıdır. İnsanın iki yaddaşı var – biri məişət yaddaşı, digəri isə ürək yaddaşıdır. Ürək yaddaşı insanın mənəvi yaddaşıdır. Mənəvi yaddaşı olan insan dünyanı bir cür görür. Mənəvi yaddaşın təmizdirsə, ağlına da təmiz sözlər gəlir. Yaddaş çirkabla doludursa, oradan yaxşı söz çıxa bilməz. Deyirlər ki, yalan ayaq tutar, amma yeriməz. Xeyr, yalan ayaq açır da, yeriyir də. Məni narahat edən odur ki, indi doğru söz deməyə həvəs göstərən çox azdır.

- Əkrəm müəllim, doğum gününüzü necə qeyd edirsiz?
- Heç necə (gülür). Mənim üçün bayram, doğum günləri ən ağır, ləzzətsiz günlərdir. Doğrudur, dostlar zəng edəndə adamın ürəyi açılır. Çalışırlar nəsə hazırlasınlar doğum günümə, amma mən ev şəraitində keçirdirəm. Açığı, heç çoxdandır ki, harasa çıxmağa səhhətim də imkan vermir.

- Niyə sevmirsiz xüsusi günləri?
- Belə günlərdə təmtəraq olur və mən bu cür təmtəraqları sevmirəm. Mən sakitliyi, öz lirik, qüssəli dünyamı sevirəm, orada qalmaq istəyirəm. O qüssəli dünya mənim üçün daha əzizdir.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar