“Məlum olduğu kimi, Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən, qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir. Evləri sökülən şəxslər mənzil axtarışına çıxacaq və yalnız mərkəzdə deyil, kənar ərazilərdə də alqı-satqı sürətlənəcək. Bu da əmlak bazarına təsirsiz ötüşməyəcək".
Bunu
Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O qeyd edib ki, qiymətlər ortalama 10 faizə qədər artacaq:
"Əmlaklarla bağlı konkret qiymət demək olmur. Otaq sayına, yerləşmə yerinə və binanın ilinə görə qiymətlər müxtəlifdir. Adətən, yay aylarında həyət evlərinə tələbat artır, çoxmənzilli binalara azalır. Təbii ki, tələbat azalanda qismən enmələr qaçılmaz olur, amma söküntülərlə bağlı müştəri çox olduqda, azalmadan danışa bilmərik. Əgər qısa zaman ərzində əmlak bazarına yüzlərlə müştəri müraciət edərsə, bu, qiymətlərin ortalama 10 faizə qədər artması deməkdir. Qiymətlərin baha olması ilə yanaşı, ev tapmaq da çətinləşəcək. 2040-cı ilə qədər paytaxt Baş plana uyğun olacaq. Bu da onu deməyə əsas verir ki, çox sayda köhnə bina və fərdi həyət evi söküləcək. Təbii ki, ən ucuz kirayə verilən və satılan mənzillər köhnə binalarda və həyət evlərində olurdu. Onları yeni tikililər əvəzlədikdə, mənzillərin qiymətində iki dəfəyə yaxın fərq yaranacaq. Yaxın gələcəkdə paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq".
Sevinc,
BakuPost