Xəbər verdiyimiz kimi, Milli Məclisin bir qrup deputatı ABŞ ilə münasibətlərə yenidən baxılması üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər. Onlar müdafiə sahəsində əməkdaşlığı dayandırmaq və USAID-in Azərbaycandakı fəaliyyətinə son qoymağı təklif ediblər. Həmçinin Milli Məclisin plenar iclasında ABŞ-ın Azərbaycana qarşı siyasəti qərəzli adlandırılıb və münasibətlərin gözdən keçirilməsinin vacibliyinə toxunublar. Millət vəkilləri hesab edirlər ki, ABŞ Konqresinin və Dövlət Departamentinin siyasəti Azərbaycanın əleyhinədir və bu, qəbuledilməzdir.
Millət vəkili Rasim Musabəyov
Bakupost.az -a bildirib ki, həmkarlarının məqsədi heç də ABŞ-la bütün münasibətlərin üzərindən xətt çəkmək deyil. Əsas məqsəd odur ki, Azərbaycanla əməkdaşlıqda maraqlı olan Pentaqon, Energetika Nazirliyi, Maliyyə Nazirliyi hərəkətə gəlsinlər. Əgər Pentaqona, Mərkəzi Kəşfiyyat İdarəsinə Azərbaycan lazımdırsa, zəhmət çəkib mövqelərini bildirsinlər. Onlar anlamalıdırlar ki, Ermənistandan qazancları olmayacaq, amma Azərbaycanı itirəcəklər:
“ABŞ-dakı erməni lobbisi Dövlət Departamenti və Konqresdə kök salıb. Azərbaycanı isə hər zaman dəstəkləyən Pentaqondur, Mərkəzi Kəşfiyyat İdarəsi, Energetika Nazirliyi və müəyyən mənada Maliyyə Nazirliyidir. Amma nəzərə almaq lazımdır ki, Dövlət Departamenti və Konqres hər zaman üzdədirlər, publik siyasət aparırlar. Bu gün ABŞ-ın Azərbaycana ehtiyacı var. Onların Azərbaycandan müəyyən istəkləri var və bu, məlumdur. Lakin bu istəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır. Onların Azərbaycana ehtiyacları varsa, münasibətləri düzgün qiymətləndirməlidirlər. Əks halda, Azərbaycanın adekvat davranışı ilə rastlaşacaqlar”.
Sevinc,
BakuPost