Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Abdinov vətənpərvərlik mövzusunda yazdığı iki şeirini redkasiyamıza təqim edib.
Qeyd edək ki, Sabir Abdinov uzun illər ki, prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla məşğul olub, 6 kitabın müəllifidir.
O, vaxtilə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışıb, baş ədliyyə müşaviridir. Vəkillər Kollegiyasının üzvü olan S.Abdinov hazırda vəkillik fəaliyyəti ilə məşğuldur.
Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib.
"Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnıların sözləri ona məxsusdur.
Sabir Abdin
HƏR ŞEY YAXŞI OLACAQ
(Milli qəhrəman Hökumə Əliyevanın əziz xatirəsinə)
Hər səhər dan yeri qızaranda
Günəşin al şəfəqləri
zülməti boğacaq.
Ruhlar dil açan kimi
bir səs göylərdən baxacaq...
Yollara ruhlar çıxacaq...
Aktaunun boz, soyuq çöllərində
üşüyəcək bir qızın səsi.
Donacaq ürəyi,
kəsiləcək sonuncu nəfəsi.
Ancaq sabah yenə göylərdə
onun qaibanə səsi dil açacaq:
- “Qorxmayın, əzizlərim,
Hər şey yaxşı olacaq”...
Yanan təyyarənin pəncərələrini,
qapılarını döyəcək o səs.
Alovun üstünə su çiləyəcək,
ölmüş insanların gözlərinə
sığal çəkib, ruhlarına
dualar oxuyacaq o səs.
Yağış kimi damla-damla
torpağa səpiləcək o səs.
Alışıb yanan cəsədlərin
alovunu söndürəcək o səs.
Ulduzlar sübhə kimi
göy üzündə xəyallara dalacaq...
Və hər gün göylərdən
bir səs gələcək:
“Hər şey yaxşı olacaq “...
25 dekabr 2025-ci il.
VƏTƏN OLDUNUZ
(şəhidlərə)
Bir vaxtlar qanınız axan yerdə
indi çiçəklər, güllər açır.
Ruhunuz hər axşam sübhə kimi
göy üzündə işıq saçır.
Sevinc bəxş etdiniz hamıya,
məlhəm oldunuz min dərdə.
Bənzərsizsiniz mərdlikdə
igidlikdə, hünərdə...
Hər yerdə ehtiram hissiylə
indi çəkilir sizin adınız.
Heç vaxt bükülən deyil
qolunuz, qanadınız.
Qarı düşmən qarşısında
yenilməyən dağ idiniz.
Ün yetməyən zirvələrdə
üç rəngli bayraq idiniz...
Sizin hünərinizlə
dərələr dağlara,
dağlar da göylərə qovuşdu.
Ana yurdumun üstündən
zülmət donlu buludlar
axır ki sovuşdu.
Qarabağın yetim qalmış
çayları dilə gəldi.
Bir vaxtlar perik düşmüş
sonalar qayıdıb gölə gəldi.
Bulaqların buz bağlamış
gözləri açıldı.
“Dəmir yumruq”un sədasından
meşələr yuxudan oyandı.
Qarı düşmənin əlləriylə
viran qalmış uçuq evlər
işığa, nura boyandı.
Düşməni məhv edib
zəfərlərə imza atdınız,
yeni tarix yaratdınız.
Başımız üstə dalğalanan
əzəmətli bayraq oldunuz.
Ovuc-ovuc torpaq oldunuz,
sünbül-sünbül dən oldunuz.
Sonra da doğma Yurd,
Vətən oldunuz...