Reper və prodüser P. Diddi (əsl adı Şon Combs) onu ittiham edən Kortni Burgessə, onun vəkili Ariel Mitçel və NewsNation telekanalına qarşı 50 milyon dollar məbləğində iddia qaldırıb.
Bakupost.az xəbər verir ki, bu barədə “People” məlumat verir.
Qeyd edək ki, "NewsNation" kanalında Kortni Burgess, P. Diddinin "məşhurlar və yetkinlik yaşına çatmayanlara qarşı seksual təcavüz" törətdiyini sübut edən görüntülərə sahib olduğunu iddia etmişdi. Burgessin sözlərinə görə, bu lentləri ona reperin 2018-ci ildə vəfat etmiş keçmiş sevgilisi Kim Porter verib.
Combsun vəkilləri Burgessin reperin ailəsi ilə heç bir əlaqəsi olmadığını bildirirlər. Onlar, həmin şəxsin öz vəkili ilə birlikdə P. Diddi haqqında yalan məlumatlar yayaraq maddi qazanc əldə etməyə çalışdığını iddia edirlər.
Reperin müdafiəçiləri video görüntülərin mövcudluğuna şübhə ilə yanaşır. P. Diddinin vəkilləri cavabdeh tərəfi reperə iqtisadi və reputasiya zərəri vurmaqda və ədalətli məhkəmə hüququnu pozmaqda ittiham edirlər.
Qeyd edək ki, 17 sentyabrda reper və prodüser Şon Combs münsiflər heyətinin ittihamları ilə əlaqədar həbs edilib. P. Diddiyə qarşı üç maddə ilə ittiham irəli sürülüb: sui-qəsd, cinsi istismar məqsədi ilə insan ticarəti və fahişəlik məqsədi ilə insanların daşınması. Əgər o, bu üç maddə üzrə günahkar bilinərsə, ömürlük və ya minimum 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Lalə, BakuPost