Son günlər metroda müşahidə olunan sıxlıq insanları narahat edən əsas problemlərdən biridir. Yerüstü nəqliyyatdakı sıxlıqdan canını qurtarmaq üçün metroya üz tutan insanlar orada daha böyük insan izdihamı ilə qarşılaşırlar. Qatarların hərəkətində yaranmış problemlər isə onsuz da sərnişin sıxlığının müşahidə olunduğu yeraltı ictimai nəqliyyatda vəziyyəti daha da dözülməz həddə çatdırır.
Məsələn, dekabrın 4-də Bakı metrosunda "Yaşıl xətt" - "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatara baxış keçirilməsi zərurəti yarandığından qatarların hərəkətində ləngimə oldu. Nəticədə bu marşrut üzrə stansiyalarda ciddi sıxlıq yarandı. Dekabrın 9-da isə metronun iki stansiyasında qatar ləngidi. "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən qatar "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarında nəzərdə tutulduğundan daha çox dayandı. Qatar "İnşaatçılar" stansiyasında 6 dəqiqə, "Elmlər Akademiyası" stansiyasında isə 3 dəqiqə ləngidi. Bu il oktyabr ayının 19-da isə metroda qatarların hərəkətində 25 dəqiqə gecikmə baş vermişdi. Buna səbəb Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında tuneldə tüstülənmənin baş verməsi idi. Nəticədə metroda dəhşətli insan sıxlığı yarandı.
Metrodakı sıxlıq, qatarların gecikməsi sərnişinlər tərəfindən böyük narazılıqla qarşılanır.
Paytaxt sakini Səkinə Cəfərova deyir ki, yollardakı tıxac, avtobuslardakı sıxlıq səbəbindən metrodan istifadəyə üstünlük verir. Ancaq son vaxtlar metrodakı vəziyyət yerüstü nəqliyyatdakından heç nə ilə fərqlənmir:
“Son günlər metroda o qədər sıxlıq olur ki, oraya ayaq basdığına peşman olursan. Sıxlıq ucbatından qatara yaxınlaşmaq belə mümkün olmur. Bəzən iki- üç qatarı buraxmalı oluram. İcəridə sıxlıqdan nəfəs almaq mümkün deyil, az qalır insanın ürəyi dayansın. Qatarlar arasındakı interval da çoxdur. Bəzən 8-9 dəqiqə gecikir. Metro insanların ən çox istifadə etdiyi nəqliyyat növüdür. Əlaqədar qurumlar bunu nəzərə alıb yaranmış vəziyyətə bir əncam çəkməlidirlər. Bu vəziyyət belə davam edə bilməz”.
Digər narazı sakin Oksana Sultanova bildirib ki, səhər və axşam saatlarında metro stansiyalarında və qatarlarında ciddi sıxlıq müşahidə olunur. Şagirdlər, tələbələr və işə gedən vətəndaşların eyni zamanda metrodan istifadə etməsi gərgin vəziyyət yaradır. Bunun baş verməməsi üçün qatarlar arası intervalı azaltmaq lazımdır. Pik saatlarda qatarların 9-10 dəqiqəlik arayla işləməsi vəziyyəti belə dözülməz həddə çatdırır: “Avtobus üçün zolaqlar çəkildi, yenə gecikmə və sıxlıq müşahidə olunur. Metronun qiymətini qaldırdılar, vəziyyət yenə düzəlmədi. Son bir neçə aydır isə metroda vəziyyət daha da pisləşib”.
Nəqliyyat məsələləri üzə ekspert Elməddin Muradlının sözlərinə görə, müşahidə olunan sıxlığı aradan qaldırmaq üçün metrostansiyaların sayı artırılmalı, qatarlar arasında interval azaldırmalıdır:
“Azərbaycanda metro tikintisi aşağı səviyyədədir. Birmənalı olaraq çoxları elə başa düşür ki, meto yalnız yeraltı olmalıdır. Amma dünyanın bir çox ölkələrində metro stansiyaları yerin üstündən də tikilib. Yeni metro stansiyaları tikildikcə, digər stansiyalardakı sərnişin yükü də azalacaq. Üstəlik, yeni stansiyaları daha çox yaşayış məskənləri olan yerlərdə tikmək lazımdır. Hətta Sumqayıtla Bakı arasında da metro xətti çəkilə bilər. Bununla da metrodakı indiki xaotik vəziyyəti aradan qaldırmaq mümkündür”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, bu gün ictimai nəqliyyatda sıxlığın əsas səbəbi Bakıda əhali sayının artmasıdır:
“Əhali sayı artdıqca sıxlıq yaranır. İçtimai nəqliyyatdakı sıxlığın da səbəbi budur. Metrodakı sıxlığı aradan qaldırmaq üçün yeni qatarların gətirilməsinə ehtiyac var. Bu gün ictimai nəqliyyat şaxələnməli, yeni nəqliyyat sistemi yaradılmalıdır. Bunlardan biri tramvay ola bilər. İstər sadə, istər sürətli tramvay xətlərinin çəkilməsinə ehtiyac var. Bu tramvay xətləri sadəcə dekorasiya naminə, yəni turistlərin fonunda şəkil çəkdirməsi üçün deyil. Rentabelli və keyfiyyətli sərnişindaşıma həyata keçirə bilən tramvay xətləri olmalıdır. Bu zaman avtobus və metrodakı sıxlıq aradan qalxmış olar. Eyni zamanda metronun yükünü azaltmaq üçün mövcud xətlərə daha çox avtobus buraxılmalıdır. Hazırda insanlar işdən çıxandan sonra avtobus tapa bilmədiyi üçün metroya yönəlirlər”.
Bakı Metropoliteni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropoliteni bu il 7 yeni nəsil qatar, yaxud 35 vaqon alıb. Metroda hərəkət intervalının azaldılması heç də qatar sayı ilə bağlı deyil. Mövcud texniki imkanlar daxilində intervalı iki dəqiqədən aşağı müəyyən etmək mümkün deyil. "Xətlər də birləşdiyindən, "İçərişəhər"- "28 may" eləcə də "Dərnəgül"-"28 may" arasında iki fərqli istiqamət olduğundan, interval iki dəqiqə olur:
“Əksər həssas stansiyalarda xətlərin yüklənməsi, nəticədə sərnişin sayının artması müvafiq problemlər yaradır. Bakı metrosunda hər stansiyanın müəyyən həddə sərnişin tutumu var. Hər beşvaqonluq qatarın da 1600 sərnişin tutumu var. Qatarların fiziki cəhətdən daşıma qabiliyyətini bundan çox artırmaq olmur. Sərnişin sıxlığı olduqda platformanın ifrat yüklənməsinə yol vermək olmaz. Ona görə də, sərnişinlərin metroya girişi tənzimlənir".
O qeyd edib ki, Bakı Metropolitenində problemin kökü ondan ibarətdir ki, yaşıl və qırmızı xətlər ayrılmalıdır:
"Bunun üçün isə yeni metrostansiyaların inşası həyata keçirilməlidir. Mövcud şəraitdə Bakı metropoliteni mümkün addımlar atır. Sərnişin sıxlığı olan stansiyalara işçilər cəlb olunur ki, qatarların qapıları vaxtında bağlansın, sərnişin axını düzgün tənzimlənsin. Bundan əlavə, qrafik üzrə qatarlar "Memar Əcəmi" və digər istiqamətlərdən, "Neftçilər"stansiyasından qaytarılmaqla sıxlıqların tənzimlənməsi üçün işlər aparılır. Bugünki Bakı Metropoliteninin infrastrukturunun buraxıcılıq qabiliyyəti ilə sərnişin axını arasında fərqlər bu ziddiyyətləri yaradır".
Sevinc,
BakuPost