Çində insanlara hava-damcı yolu ilə ötürülə bilən meymunçiçəyi virusunun bir variantı aşkar edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ştamm Konqodan gələn bir turist tərəfindən Çinə gətirilib. Artıq bir neçə nəfər bu virusa yoluxub. Xoşbəxtlikdən, infeksiya yüngül formada keçib - səpgilər və herpes kimi.
Alimlər meymunçiçəyi virusuna qarşı vaksin hazırlanmasının vacibliyi barədə danışmağa başlayıblar. Qeyd olunur ki, meymunçiçəyi virusunun genetik quruluşundakı kiçik dəyişikliklər onun havada-damcı yolu ilə kütləvi şəkildə yayılmasına səbəb ola bilər.
Rusiya AMEA-nın akademiki, Epidemiologiya və Mikrobiolgiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq Aif.ru-ya müsahibəsində deyib ki, son zamanlar meymunçiçəyi virusu xüsusiyyətlərinə görə böyük dəyişkənlik nümayiş etdirir, o, yalnız heyvandan insana yox, həm də insanlar arasında təmas yolu ilə yayılır:
"Bu, virusun mutasiyaya uğradığını və nəticədə virulentliyini (xəstəlik törətmək və ya orqanizmi məhv etmək qabiliyyətini) artırdığını göstərir . Genetik səviyyədə cüzi dəyişikliklər meymunçiçəyi virusunun hava-damcı yolu ilə kütləvi ötürülməsinə səbəb ola bilər. Belə olan halda, biz faktiki olaraq keçən əsrin 80-ci ilində insanlığın məğlub etdiyi qara çiçəyin analoqu ilə mübarizə aparmalı olacağıq”.
Ginzburq əlavə edib ki, meymunçiçəyi virusuna qarşı gen-mühəndisliyi əsasında vaksin hazırlanmalıdır. Epidemioloqun sözlərinə görə, əvvəlki bütün peyvəndlər ciddi yan təsirlərə səbəb ola bilər:
“Əvvəlki bütün vaksin preparatları təbii mal çiçəyi virusu əsasında, bütöv hüceyrəli virionlardan (virus hissəcikləri ) hazırlanıb. Belə vaksinlər yüksək reaktogenliyə malikdir, yəni əlavə reaksiyalara səbəb ola bilər. 1980-ci ildən bu yana əhalimizin immun sistemi çox zəifləyib. İmmun çatışmazlığı virusu insan populyasiyasında daha geniş yayılıb, həmçinin orqan köçürülməsi, qan köçürülməsi ilə bağlı tibbi prosedurlar da təsir göstərib. Uşaqlar, müxtəlif hamiləlik mərhələlərində olan qadınlardan hələ danışmıram. Bu kateqoriyada əvvəlki vaksinlər qəbuledilməzdir, çünki onlar ağır fəsadlara səbəb ola bilər. Buna görə də, vaksin edilən şəxsin immunoloji vəziyyətindən asılı olmayaraq, geniş tətbiq edilə bilən normal vaksin çox yaxşı olardı”.
Yaxın zamanda Rusiya Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin alimləri müasir meymunçiçəyi vaksininin hazırlanmasına başlamağı planlaşdırırlar:
“Ümid edirəm ki, bu il biz meymunçiçəyi virusuna qarşı vaksin preparatın hazırlanması üçün maliyyə dəstəyi alacağıq”.
Qeyd edək ki, bundan əvvəl biologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasının müdiri Olqa Karpova Çində aşkarlanan meymunçiçəyi növünün hava-damcı yolu ilə yayıla bilməsi barədə məlumat yayıldığını bildirib.
Lalə, BakuPost