Ru
17:50 / 24 Yanvar 2025

Meymunçiçəyi suçiçəyindən nə ilə fərlqənir?

Meymunçiçəyi suçiçəyindən nə ilə fərlqənir?
658


Xəbər verdiyimiz kimi, yanvarın 18-də Azərbaycanda dünyada geniş yayılan meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb. 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Qeyd edək ki, meymunçiçəyi virusu ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklinə yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb. 2017-ci ildə Nigeriyada meymun çiçəyinə yoluxan 172 xəstənin 75 faizini 21-40 yaş arası kişilər təşkil edib. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. Mütəxəssislərin dediyinə görə, meymunçiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaq mümkündür.

Həkim-infeksionist Şəhla Babayeva deyir ki, meymunçiçəyi virusu suçiçəyi virusu ilə demək olar ki, eyni simptomlara malikdir. Suçiçəyində olduğu kimi bu virusda da qızdırma, başağrısı, əzələ ağrıları, belağrısı, zəiflik, şişkinlik - limfa düyünlərinin böyüməsi və dəri səpgiləri kimi simptomlar özünü büruzə verir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Bir, bəzən isə iki-üç gün davam edən qızdırmadan sonra tədricən səpkilər yaranır:
“Suçiçəyi xəstəliyini yayan virus havada 1-2 saat yaşaya bilir, çox sürətli çoxalma xüsusiyyətinə malikdir. Meymunçiçəyi virusu da eynilə belədir. İnfeksiya, əsasən xəstə ilə birbaşa təmas, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas, orqanizmdən xaric olan bütün ifrazat, virusun mövcud olduğu əşyalara təmas və hətta cinsi əlaqə yolu ilə yayılır. Virus cansız mühitdə uzun müddət yaşamaq qabiliyyətinə malik olduğu üçün xəstə insanın əşyalarına toxunan zaman da yoluxma baş verə bilər. İnfeksiya ilk olaraq yuxarı tənəffüs sisteminə nüfuz edərək limfa vəzilərində çoxalmağa başlayır. Suçiçəyində olduğu kimi meymunçiçəyi virusunda da xəstəliyin əlamətləri bəzən 4-8, bəzən isə 10 gün sonra özünü biruzə verir. Xəstəliyə ilk səpki başlanğıcından, suluqlanma və yara qərtmək bağlayanadək, yəni 6-8 gün ərzində digər insanlar da yoluxa bilər. Səpkilər əvvəl üz nahiyəsində müşahidə olunur. Tədricən bədənin digər nahiyələrinə, kürək, sinə nahiyyəsi, əllərə, ayaqlara yayılır və bütün bədəni bürüyür. Səpkilər qaşıntı verir. Mümkün qədər səpkilərə toxunmamaq məsləhətdir. Çünki çox qaşıyanda səpkilər qızarır, qaysaqlı yaralara çevrilir və ağrı verir. Xəstəlik başa çatdıqdan sonra da bu yaraların ləkə, xırda çapıq kimi izi qalır”.

Şəhla Babayevanın dediyinə görə, suçiçəyi kimi meymunçiçəyi virusu da bir neçə həftə ərzində öz-özünə yox olur:

“Ancaq xarici mütəxəssislər bildirirlər ki, bəzən xəstəlikdən ağırlaşma halı müşahidə olunur. Çünki daha əvvəl meymunçiçəyi Qərbi Afrikada ölümlərə səbəb olub. Xəstəlikdən qorunmaq üçün ciddi şəkildə gigiyena qaydalarına əməl edilməlidir. Xəstəliyin əlamətləri müşahidə olunan insanlardan uzaq durmaq lazımdır. Meymunçiçəyinin simptomları müşahidə olunan kimi insanlar mütləq şəkildə təcrid olunmalı və tam şəkildə sağalanadək karantin qaydalarına riayət etməlidirlər. Əks təqdirdə virusa yoluxma halları daha da artacaq”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır. Antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər: “Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir”.


O əlavə edib ki, meymunçiçəyi virusuna qarşı peyvəndlər, ümumiyyətlə, çiçək xəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki iki virus genetik cəhətdən çox oxşardır: “Çiçək xəstəliyinə çox bənzəyir, lakin ondan fərqi limfa düyünlərində böyümə əmələ gətirməsi onun xarakterik xüsusiyyətlərindən biridir. İmmun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır".

Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, meymunçiçəyi virusunun qlobal pandemiya yaratma ehtimalı çox aşağıdır. Ancaq xəstəlik daha çox kontakt və hava-damcı, təmas yolu ilə yayıldığından yayılma arealı böyükdür:


"Koronavirus pandemiyasından sonra insanlarda immunitet sistemi zəifləyib. Bu səbəbdən də meymumçiçəyinə yoluxma halları daha da arta bilər. Xəstəlik ağırlaşanda pnevmaniya, ensefalitə və ən nəhayət ölüm halına gətirib çıxarda bilər. Ona görə də insanlar diqqətli olmalı və gigiyena qaydalarına tam riayət etməlidirlər. Hazırda ÜST və xəstəliklərə nəzarət üzrə profilaktik müalicə mərkəzləri çox ciddi şəkildə bu məsələnin üzərində işləyirlər. Bildirilir ki, yaxşı gigiyena, əllərin tez-tez yuyulması meymunçiçəyi virusunun yayılmasını məhdudlaşdırmağa kömək edir”.

Professor vurğulayıb ki, meymunçiçəyinin pandemiya yaratmaq kimi təkhlükəsi yoxdur:

"Lakin xırda epedimik ocaqlar, yüngül yayılmalar ola bilər. İnsan xəstələndiyi, özündə halsızlıq, dəridə səpkilər gördüyü təqdirə özünü təcrid etməli, ayrı bir otaqda qalmalı, bol maye qəbul etməli və başqasına yoluxmamaq üçün həkimə müraciət etməlidir”.

Sevinc,
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar