"Əkrəm özünü xalqına əmanət edir və bu millət bir gün bunun hesabını soruşacaq. Çünki belə haqsızlıq qarşısında heç kim səssiz qala bilməz".
Bakupost.az xəbər verir ki, bunu bu gün səhər saatlarında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu deyib.
"Komandalar sahurdan dərhal sonra gəliblər. 13 yaşlı qızım var və hər şeyə rəğmən məktəbə gedib həyatıma davam edəcəyəm dedi. Mən onu məktəbə göndərdim. Dünən qeyri-qanuni olaraq diplomu ləğv ediblər. Biz belə bir prosesi gözləyirdikmi? Biz kağız üzərində də olsa, hələ də hüquq ölkəsiyik. Bu qədər də olmaz deyirsən, bir də görürsən ki, yeni bir prosesdəsən. Bu səhər baş verənlər də onlardan biridir. Əvvəlcə sizi tuturlar, sonra sübut yaratmağa çalışırlar.
İddialar sadəcə gülüş doğurur", - deyə o qeyd edib.
O, Əkrəm İmamoğlunun diplomunun ləğv edilməsindən də danışıb:
“Diplomun bu cür ləğv edilməsi dünyanın heç bir yerində yoxdur. Bunu küçədəki uşaqdan da soruşsanız, yanlış olduğunu deyər. Hər şeyin necə olduğu onsuz da ortaya çıxacaq”.
Qeyd edək ki, ötən gün İstanbul Universiteti İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunu ləğv edib. Bu gün isə o, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində saxlanılıb.
İmamoğluya qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik etmək və üzvü olmaq, hədə-qorxu yolu ilə pul tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması var.