Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.
Bakupost.az -ın xəbərinə görə, müraciətlərdə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək onu bir gecədə yerlə-yeksan etdilər. Etnik mənsubiyyətlərinə görə 613 mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara misilsiz qəddarlıqla yanaşılıb. Xocalının daha 1,275 sakini girov götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də naməlumdur.
Bu soyqırım aktının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi olsa da, birbaşa icraçıları Ermənistanın silahlı qüvvələrinin üzvləri, erməni terrorçu qruplaşmaları və Xankəndidə yerləşən keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri olublar.
Müraciətlərdə qeyd olunur ki, Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu gün azad edilmiş bütün ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər bölgələrin sakinləri kimi, doğma torpaqlarına qayıtmağa başlayan Xocalı əhalisi də öz evlərində sülh və təhlükəsizlik şəraitində yaşayacaqdır