Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:18 / 07 Mart 2024

Mişustinin Bakı səfəri: "Fürsət və imkanlar dəyərləndirildi"

23478
Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluğa deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.

Azərbaycana ikigünlük işgüzar səfəri çərçivəsində Rusiyanın Baş naziri Mixail Mişustini qəbul edən Prezidenti İlham Əliyev Bakı ilə Moskva arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxdığını bildirib:

“Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qoruyub saxlamışıq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin əsasını təşkil edib. Dövlətlərarası münasibətlərin həm forma, həm də məzmun baxımından keyfiyyətcə yeni səviyyəyə qalxdığı bu gün, təbii ki, bu, ölkələrimizin ictimaiyyəti tərəfindən də dəstəklənir".

İqtisadi-ticari əlaqələr gəldikdə, Prezident İlham Əliyev bu sahədə də nəticələrin tamamilə qənaətbəxş olduğunu vurğulayıb:

"Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq. Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir. Kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir”.

Səfər çərçivəsində Mişustin həmçinin Baş nazir Əli Əsədovla da görüşüb. Görüşdə tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildirib, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.

İqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmalarına və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyətini vurğulayan tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.

Hökumət başçıları qarşılıqlı investisiya fəaliyyətinin genişləndiyini vurğulayıb, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.

Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.

Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcmi 11 faizdən çox artıb.

Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini vurğulayıb, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmir yolları infrastrukturunun təkmilləşdirilməsinin, dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.

Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustinlə Əli Əsədov arasında keçirilən danışıqların yekunu olaraq iki ölkə arasında 2024-2026-cı illər üçün turizmin inkişafına dair yol xəritəsi imzalanıb. Bundan əlavə, danışıqların nəticəsi olaraq ölkələrin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı təsdiq edilib. Bu sənəd də növbəti iki il üçün nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə də habelə Rusiyanın iştirakı ilə 1,4 mindən çox müəssisə var ki, onlardan 300-ü tamamilə Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon dollar təşkil edib.

İki ölkə arasında iqtisadi əlaqələr müxtəlif sahələr üzrə inkişaf etməkdədir, fiziki baxımdan bu rəqəm 30 faiz artaraq 6,7 milyon tona, onun Rusiya Federasiyasından tədarüklər 33 faiz artaraq 5,5 milyon çatıb. Rusiyanın Azərbaycandan idxalı isə öz növbəsində 17,7 faiz artıb. Ümumi müsbət dinamika, əvvəllər məlumat verildiyi kimi, daha çox həm elektron ticarətin inkişafı, həm də keçid məntəqələrinin imkanlarının artırılması, eləcə də nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlıdır.

Bu baxımdan, Mixail Mişustin qeyd edib ki, digər prioritetlərlə yanaşı, logistika və nəqliyyat da qalmaqdadır – bu sahədə Moskva və Bakı sərhəd keçidlərinin modernləşdirilməsini sürətləndirirlər, tutumlarını gündə 3 min avtomobilə çatdıracaqlar. Bu işin daha qlobal hissəsi Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun dəmir yolu, avtomobil və dəniz infrastrukturunun davamlı inkişafıdır.
Politoloq İlyas Hüseynovun dediyinə görə, Mişustin daha çox iqtisadi məsələlərlə məşğul olduğundan səfər zamanı iqtisadi, nəqliyyat, energetika məsələləri, iqtisadi və kommunikasiya xətlərinin açılması ilə bağlı məsələhətləşmələr keçirildi. Ümumilikdə Mişustinin Azərbaycana səfəri həm də ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi: “Baş nazir Mixail Mişustinin səfəri Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində reallaşıb və Rusiya-Azərbaycan əlaqələrinin iqtisadi sahəsini əhatə edir Rusiya dünyanın ən nəhəng ərazisi, ən böyük təbii sərvətləri, ən çox nüvə silahı olan dövlətidir. Belə bir dövlətlə münasibətlərimizin yüksək səviyyədə olması ölkənin xeyrinədir”.

Politoloq qeyd edib ki, iki il öncə Azərbaycanla Rusiya arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə" imzalanıb və münasibətlərdə keyfiyyətcə yeni səviyyəyə qalxmaq prosesinə başlanıb:

“Fikrimcə, bu da öz nəticələrini verməkdədir. Rusiya böyük bir savaşa cəlb olunmuş vəziyyətdədir, qlobal güclərin hədəfindədir. Belə olan halda əlbəttə ki, bizim Rusiya ilə münasibətlərimiz həm də regional sülhün qorunması, sabitliyin təşviq olunması baxımından da əhəmiyyətlidir".

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Rusiya baş naziri Mişustinin Bakıda keçirdiyi görüşlər əvvəlki istiqamət və imzalanan müqavilələrin davamıdır:
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, energetika, turizm, kənd təsərrüfatı sahəsində əvvəldən bağlanmış müqavilələr var. Amma önəmli məsələ odur ki, Bakı Moskva ilə münasibətlərə çox həssas yanaşır. Azərbaycan beynəlxalq sanksiyalara hansısa bir formada təsir göstərəcək heç bir addım atmır. Beynəlxalq sanksiyalarda isə nə kənd təsərrüfatı, nə turizm, nə də enerji daşıyıcılarının bəzi istiqamətlərinə heç bir məhdudiyyətlər yoxdur. Ona görə də Bakı beynəlxalq hüquqa üstünlük verməklə Rusiya ilə sözügedən sahələrdə əməkdaşlığı davam etdirir. Bu, hər iki ölkənin xeyrinədir”.

Ekspertin sözlərinə görə, son vaxtlar Rusiyadan Azərbaycana daha çox kənd təsərrüfatı məhsulları idxal olunur: "Bu da ölkə bazarında sabitliyin yaranması, qiymət artımının səngiməsinə səbəb olur. Rusiyada rubl dəyərdən düşüb. Ona görə də bu ölkədən idxal ölkəmiz üçün daha sərfəli hala gəlib. Bunun nəticəsini mağazalarda da görürük. Süd məhsulları, kolbasa, sosiska, yağ Rusiyadan daha çox gəlir, çünki sərfəlidir. Hər iki ölkənin əməkdaşlıq üçün fürsət və imkanları var və onlar dəyərləndirilir".

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar