Xəbər verdiyimiz kimi, bu gün Moskvanın şimal-qərbində yaşayış kompleksində partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.
Bakupost.az “Kommersant”a istinadən məlumatına görə, partlayış zamanı yaralananlardan biri “Donetsk Xalq Respublikası”nın Boks Federasiyasının “fəxri prezidenti” və “Arbat” batalyonunun təsisçisi, erməniəsilli Armen Sarkisyandır.
Həmin şəxs cangüdəni ilə birlikdə binaya daxil olduqda partlayıcı qurğu işə düşüb. Xəstəxanaya çatdırılan Sarkisyanın vəziyyətinin ağır olduğu qeyd olunub. İnsident zamanı ölən şəxsin isə onun cangüdəni olduğu bildirilir.
Rusiyanın İstintaq Komitəsi hadisə ilə bağlı qətlə cəhd və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət işi başladıb.
TASS isə öz mənbələrinə istinadən insidentin Armen Sarkisyana qarşı sui-qəsd olduğunu yazıb. Məlumata görə, sui-qəsd cəhdi sifariş əsasında yerinə yetirilib və dəqiqliklə planlaşdırılıb.
Qeyd edək ki, “Arbat” batalyonu 2022-ci ildə yaradılmış könüllü dəstədir. Onun tərkibinə əsas olaraq etnik ermənilərdən ibarət təqribən 500 nəfər daxildir.