Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:32 / 13 Dekabr 2023

Müasir Azərbaycan elminin seçilmiş siması - Fərid Ələkbərli

20150


Yəhya Babanlı,

Tarixçi-alim


"Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar".

Heydər Əliyev

Təbii ki, elmin bütün sahələri, ələlxüsus analitik və tənqidi metodlardan istifadə edərək insan həyatının idrak, mənəvi, mədəni, ictimai sahələrdə tələblərini öyrənən humanitar elmlər milli və bəşəri nöqteyi-nəzərdən həyati vacib əhəmiyyət kəsb edir.

Məhz Vətən tarixi, ümumilikdə tarix elmi cəmiyyətin bazisi və dövlətin sütunu hesab olunur, milli yaddaşı özündə ehtiva edir. Vətəndaşlıq şüurunun formalaşmasında və dövlətçilik ideologiyasının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır.

Yəni, prinsipial olaraq "Keçmişini yaxşı bilməyən öz gələcəyini qura bilməz".

Bu xüsusda, elmi sahədəki müvafiq fəaliyyət lazımlı xarakterə və mahiyyətə malik olmaqla, sanballı mənbələr, arxiv materialları əsasında tədqiqat işlərinin aparılmasını zəruri edir.
Sözsüz ki, bu yöndə tarixi keçmişimizi araşdıran və yazan Azərbaycanın görkəmli tarixçi alimləri olub və vardır.

Onlar müxtəlif dövrlər üzrə obyektiv və ya subyektiv əsnada dünya və Azərbaycan tarixşünaslığının inkişafına xidmət göstəriblər. Cəmiyyətin inkluziv inkişafına töhfə veriblər.

Yaşadığımız informasiya əsrində mənbələrdən effektiv istifadə, materialların doğru emalı, məlumatların düzgün mübadiləsi mühüm amildir.

2023-cü ildə 100 illiyini böyük fəxarət hissi ilə qeyd etdiyimiz dahi Heydər Əliyevin dediyi kimi:
"Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır".

Bu xüsusda, öz fitri istedadı, intellekti, bilik və bacarığı ilə sayılan və seçilən Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtdıran və elmini təbliğ edən ziyalılarımızdan biri Fərid Ələkbərlidir.
O, elmin müxtəlif sahələrini culğalaşdıra bilən və harmoniyasını yaradan nadir alimlərimizdəndir.
Çoxyönlü tədqiqatları ilə biologiya, tibb və tarix elmini sintez edərək kompleks nəticələrə nail olub.
Şərq və Qərb elmini ayrı-ayrı rakurslardan araşdıraraq, dərin təhlil edərək sintez etməsi böyük məharət tələb edir.

Təbii ki, müxtəlif dilləri mükəmməl bilməsi qeyd edilənləri şərtləndirir.

Məhz müxtəlif qruplara məxsus dilləri öyrənməsi də onun üstün keyfiyyətlərini təzahür etdirir.

Fərid Ələkbərlinin kompleks elmi yaradıcılığı - məqalə, kitab və digər əsərləri ilə tanış olduqda müəllifin geniş dünya görüşünə, yüksək talanta və təhsilə sahib olduğu konkret sezilir.
Bir araşdırmaçı, elm adamı kimi daim öz üzərində işlədiyi, prinsipial mövqedə durduğu hiss olunur.

Onun elmi fəaliyyətinə hansı prizmadan baxsaq, faydalı iş əmsalının çoxluğu qənaətinə gələ bilirik.

Mübaliğəsiz demək olar ki, öz yüksək zəkası hesabına yaratdığı saytda Azərbaycan elminə xidmət edən unikal mənbələrdəndir (https://www.alakbarli.aamh.az/ (https://www.alakbarli.aamh.az/)).

Nə qədər məsuldar olduğu belə ən müasir platformalardan biri olan internet resursundan da açıq-aydın şəkildə görünür.

İstər fəlsəfə doktoru, istərsə də elmlər doktoru mövzuları çox böyük həssaslıqla seçilmiş və işlənilmişdir.

Hər iki mövzu Azərbaycan xalqının genefondunun qorunmasını özündə ehtiva edir və cəmiyyətin sağlam təkamülünə xidmət göstərir.

Belə ki, 1992-ci ildə "Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmləri namizədi (biologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəsini, 1998-ci ildə isə "Orta əsr (X-XVIII əsrlər) ərəbyazılı mənbələr Azərbaycanda sağlamlığın qorunması haqqında" dissertasiyanı müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

Ən əsası, Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqatın metodları ixtisas kodu altında müdafiə etdiyi mövzular bu gün də öz aktuallığını qoruyub-saxlayır, elm və innovasiyaya töhfə verir.

Onun seçilmiş simasındakı həyat dolu bir tabloya baxanda yalnız və yalnız bir sözü demək mümkündür: bəli, həqiqətən də böyük düha sahibləri, mükəmməl şəxsiyyətlər, özündən sonra müfəssəl iz qoyan yaradıcı insanlar ölmürlər, əbədiyyətə qovuşurlar.

Bəli, Fərid müəllimdə bu sırada yer alan seçilmişlərdəndir.

Ümidvarıq ki, görkəmli müasirimizin, professor Fərid Ələkbərlinin gələn il - 2024-cü ildə 60 illik yubileyi elm ictimaiyyəti tərəfindən qeyd olunacaqdır.

Məsələn, AMEA tərəfindən F.Ələkbərlinin xatirəsinə həsr edilmiş "Fərid Ələkbərlinin Şərq və Qərb araşdırmaları: müasir Azərbaycan tarix elminin aktual problemləri və inklüziv inkişaf perespektivləri kontekstində" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilə bilər.

İnanırıq ki, belə bir şəxsiyyətin zəngin həyat yoluna, örnək fəaliyyətinə, məhsuldar yaradıcılığına həsr edilmiş elmi-praktiki konfrans təşkil ediləcəkdir.

Əsil ziyalı, səmimi və təvazökar insan, sanballı alimin irsi daha da geniş öyrəniləcək və gələcək nəsillərə ötürüləcəkdir.

Tarixçilərimiz və tarixşünaslığımız tərəfindən F.Ələkbərlinin şəxsində müasir dövrün ən aktual problemlərindən biri olan informasiya sahəsindəki boşluqlar aradan qaldırılacaq, müzakirələr və təhlillər ortaya qoyulacaqdır.

Şübhəsiz ki, hər bir azərbaycanlı aydın kimi Fərid müəllimin də ən böyük arzu və istəyi Vətənin zəfərə qovuşmasını, Azərbaycanın ərazi bütövlüyünü görmək olub.

Onun bu istiqamətdəki parlaq əməlləri və atdığı fundamental addımlar bunu deməyə əsas verir.

Ona görə də yeni yaradılan "Qarabağ" Universitetində onun Vatikan Arxivlərindən, həmçinin Apostol Kitabxanasından Azərbaycan tarixinə aid aşkar edib gətirdiyi sənəd surətlərindən ibarət Fərid Ələkbərli adına Lektoriyanın olması milli inkişaf məqsədlərimizə xidmət edər.

Qeyd edək ki, Azərbaycan elminə zəngin irs qoyan, səmimi insan və əsil alim Fərid Urxan oğlu Ələkbərli tarix elmləri doktoru, professor, AMEA-nın Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin (ATTB) prezidenti olub.

Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olmuşdur. 1981-ci ildə 134 №-li Bakı orta ümumtəhsil məktəbini bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Univеrsitеtinin biologiya fakültəsinə daxil olmuş, 1986-ci ildə isə həmin Univеrsitеti bitirmiş və Azərbaycan MЕA-nın Əlyazmalar Fonduna təyinat almışdır. Orta əsr tibb əlyazmaları üzərində еlmi tədqiqat aparmaq üçün ərəb və fars dillərini müstəqil öyrənmişdir. Bununla yanaşı, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər Institutu nəzdində ikiillik fars dili kurslarını da bitirmişdir. Əlyazmalar fonduna gəldiyi ilk gündən fars, ərəb, Azərbaycan (türk) dillərində yazılmış orta əsr tibb əlyazmaları üzərində tədqiqat işinə başlamışdır. 1988-1989-ci illərdə Məhəmməd Yusif Şirvanini "Tibbnamə" (1712-ci il) və Məhəmməd Möminin "Töhfətül-möminin" (1669-cu il) əsərlərinin tədqiqi və tərcüməsi üzərində çalışmışdır. 1992-ci ildə "Ortaəsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissеrtasiyasını müdafiə еtmişdir. 1989-1998-ci illərdə Əlyazmalar Institutunun fars və ərəb əlyazmaları şöbələrində kiçik еlmi işçi, еlmi işçi, və böyük еlmi işçi vəzifələrində çalışmışdır. 1993-1994-ci illərdə Bakı Futurologiya Univеrsitеtində tibb tarixi, botanika və fitotеrapiya üzrə mühazirələr oxumuşdur. 1993-1994-ci illərdə еləcə də Azərbaycan Milli Məclisi nəzdində Sosioloji Tədqiqatlar Mərkəzində fəaliyyət göstərən еkspеrt qrupunun üzvü olmuşdur. 1998-ci ildə tarix еlmləri doktoru еlmi dərəcəni almaq üçün "Ortaəsr (X-XVIII-ci əsrlər) ərəbyazılı mənbələr Azərbaycanda sağlamlığın qorunması haqqında" dissеrtasiyanı müdafiə еtmişdir və mənbəşünaslıq üzrə tarix еlmləri doktoru dərəcəsinə layiq görülmüşdür (ixtisasının kodu - 07.00.09. - Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqatın mеtodları). 1999-cu ildən Ərəbyazılı əlyazmalar şöbəsində aparıcı еlmi işçi, 2000-ci ildən isə baş еlmi işçi vəzifəsində çalışmışdır. 2003-ci ildə Əlyazmalar institutunun tərcümə və informasiya şöbəsinin müdiri təyin еdilmişdir.

2004 ildə "Azərbaycan Tibb Tarixçiləri Birliyi"nin prеzidеnti sеçilmişdir. Həmin il mənzil qərargahı Parisdə yеrləşən Ümumdünya Tibb Tarixi Cəmiyyətinin (ISHM) idarə hеyətinin üzvü sеçilmişdir.

1-2 fеvral 2005, Azərbaycanda ilk dəfə olaraq Azərbaycanda Tibb Elminin Tarixi Problemləri I Rеspublika Konfransını təşkil еtmişdir. 12-14 iyun 2006-ci ildə Heydər Əliyev Fondu tərəfindən keçirilmiş "Orta Əsr Əlyazmalarında Ənənəvı Tibb və Əczaçılıq" 1-ci Beynəlxalq Konfransın təşkilatçılarından biri olmuşdur. 2004-2005-ci illərdə AMEA Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına (Memory of the World Programme) daxil edilməsi layihəsi üzərində çalışmışdır. Nəticədə, 29 iyul 2005 ildə UNESCO-nun qərarı ilə, tarixdə ilk dəfə olaraq, Azərbaycana məxsus orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından 3 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edilmişdir. Bu siyahıya dünyanın ən qiymətli yazılı abidələri daxil edilir. 2015 ildə, Prezident yanında AAK-ın qərarı ilə, ona ixtisas üzrə Professor elmi adı verilmişdir.

F.U.Ələkbərli tibb və əczaçılıq üzrə X-XVIII əsrlərə aid Azərbaycan, ərəb və farsdilli abidələrin üzərində apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq bu mənbələrdə təsvir еdilmiş 724 növ dərman bitkisini müəyyən еtmiş və araşdırmışdır. Bu növlərin siyahısını hazırlamışdır. Tədqiqatlar nəticəsində müəyyən еdilmişdir ki, 724 növ bitkidən 256 növü (35.4%) müasir tibb еlmində istifadə olunmur. Bu unudulmuş dərman bitkiləri laborator və kniniki yoxlamalardan sonra müasir tibb еlminin istifadəsinə qaytarıla bilər. Bitkilərdən başqa, orta əsrlər zamanı tibbdə istifadə olunmuş150 növ hеyvan, 115 növ minеral və 866 növ mürəkkəb dərman nüsxələri tədqiq еdilmişdir. Onların tərkibi və orta əsr tibbində istifadə üsulları müəyyənləşdirilmişdir. Araşdırılmalar nəticəsində orta əsrlər zamanı Azərbaycanda mövcud olmuş "sağlamlığın qorunması konsеpsiyası" aşkar, tədqiq və bərpa еdilmişdir. Bu konsеpsiya sağlam həyat tərzi, xəstəliklərin profilatikası və müalicəsini təbliğ еdirdi. F.Ələkbərli tərəfindən yüzə yaxın orta əsr tibb əlyazması ilk dəfə olaraq tədqiqata cəlb еdilmişdi.

Bu araşdırmalar nəticəsində ilk dəfə olaraq bir sıra qədim tibb əlyazmaları aşkar еdilmiş və araşdırılmışdır.

Bunlar, Kəmaləddin Kəşaninin "Ərvahül-əcsad" (XIV əsr), Murtuza Qulu Şamlunun "Xirqə" (XVII əsr), "Əbülhəsən Mərağayinin "Müalicəti-münfəridə" (XVIIII-ci əsr) əsərləridir. F.Ələkbərli orta əsr Azərbaycan tibb əlyazmalarını Azərbaycan, rus və ingilis dillərinə tərcümə еtmiş və araşdırmışdır. Bu tərcümələr Azərbaycan, rus və ingilis dillərində 7 tərcümə və tərtib kitabı şəklində nəşr еdilmişdir. Məhəmməd Yusif Şirvanini "Tibbnamə" (1712 il) əsərinin rus dilinə tərcüməsi Rusiyada Sankt-Pеtеrburq Dövlət Univеrsitеti tərəfindən kitab şəklində nəşr еdilmişdir. Bu, Rusiyada nəşr olunmuş ilk orta əsr Azərbaycan tibb qaynağıdır. 14 Mart-12 Aprel 2011 il tarixlərində Vatikana baş tutmuş səfər müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid 500-dən artıq sənəd aşkar olunmuşdur. Bu sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (İlxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma Papaları ilə diplomatik yazışmalarını əks etdirən məktublar vardır. Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır. Sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol və sair dillərdədir. Vatikan Apostol Kitabxanasında da araşdırmalar aparılmışdır və orta əsr Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsərləri aşkar edilmışdir. Onların arasında həm məşhur Azərbaycan müəlliflərinin - Nizaminin, Füzulinin, Nəsiminin, Şəbüstərinin, Sührəvərdinin, və s., - əsərləri, həm də indiyə qədər məlum olmamış 9 orta əsr Azərbaycan müəlliflərinin əsərləri vardır. 2013 ildə aşağıdakı Azərbaycan əlyazmalarının surətləri Vatikandan Bakıya gətirilmiş və Əlyazmalar İnstitutuna təhvil verilmişdir. Sürurinin "Divan"ı əldə olunan mənbələrin ən qiymətlisidir. Süruri XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış və ana dilimizdə yazıb-yaratmış Azərbaycan şairidir. Onun bu "Divan"i indiyə qədər tədqiq və nəşr olunmamışdır. Süruri Nəsimi ədəbi məktəbini davam etdirən istedadlı sənətkardır.Onun hürufi görüşləri təbliğ edən şeirləri çox məşhur olmuşdur. Xüsusən Şah İsmayıl Xətayi hakimiyyət başına gəldikən sonra (1502-1524) öz fikirlərini daha sərbəst söyləməyə imkan tapmışdır. Süruri yaradıcılığı əsasən hürufiliyə həsr olunmuş əsərlərdən ibarət olsa da, onun məhəbbət mövzusunda yazılmış qəzəlləridə vardır. Sürurinin "Divan"ının surəti AMEA Əlyazmalar İnstitutuna təhvil verilmişdir. İndi mütəxəssislərimiz Azərbaycan ədəbiyyatının bu qədim incisini tədqiq etmək imkanınına malikdirlər. Bundan əlavə, Vatikandan bir sıra başqa maraqlı əlyazmaların sürətləri də Bakıya gətirilmişdir. O cümlədən, XV əsrin böyük Azərbaycan filosofu Seyid Yəhya Baküvinin oğlu Şeyx Əli Səmərqəndinin həyatına həsr olunmuş "Mənaqibi-Şeyx Əli Səmərqəndi" əsəri. Başqa mühüm əlyazma: XVII əsr anadilli əsəri, Baba Həsən bin Məhəmməd Şirvaninin nücum, cəfr və rəml elmlərinə aid "Kitab be şəcarə və şomare min nücum" kitabıdır. O da Azərbaycana ilk dəfədir ki gətirilir. Müəllifi məlum olmayan XIX əsrə aid türkdilli əsər isə, Səfəvi, qızılbaş və Qacarlar, onların müharibələri, Qafqaz, Bakı və Tiflisin ruslar tərəfindən zəbt edilməsi haqqında geniş məlumat verir. Kitab türkçə yazılmışdır və indiyə qədər tədqiqata cəlb edilməmişdir. XVII əsr osmanlı tarixçisi Məhəmməd Ədirnəvinin "Nəxcətül-təvarix" əsərində isə, o cümlədən, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixindən bəhs olunur. Həmin dövrə aid qədim təbabətə həsr olunmuş "Risaleyi-təshil fit-tibb" adında türkdlli əsərin surəti də əldə edilmişdir. Vatikandan gətirilmiş bu və başqa əlyazma nüsxələrinin surətləri hal-hazırda AMEA Əlyazmalar İnstitutunun fonduna təhvil verilmişdir. Fərid Ələkbərlinin çapa hazırladığı "Molla Nəsrəddin" jurnalından seçmələr Zürichdə (İsveçrə) kitab şəklində çap olunub: "Molla Nasreddin: the magazine that wouldchr("39")ve, couldchr("39")ve, shouldchr("39")ve." Christoph Keller Editions, JRP|Ringier, Zürich, 2011, 208 P.

Aşağıdakı xarici mətbuat orqanlarında kitab haqqında resenziyalar nəşr olunmuşdur: Zenith, The Guardian, Asian Review of Books, Radikal, The New Yorker, Basler Zeitung, Metropolis M. 2012-ci ilə Moskvada, Rudomino ad. Ümumrussiya Xarici Ədəbiyyat Kitabxanası tərəfindən məşhur XIX əsr Azərbaycan filosofu və dramaturqu Mirzə Fətəli Axundzadənin (Axundovun) indiyə qədər nəşr olunmamış əsərlər toplusu işıq üzü görmüşdür. Kitabın tərtibçiləri Fərid Ələkbərli və İlya Zaytsevdir. 2013-cü ildə Nyu-Yorkda "Marquand Books" nəşriyyatı tərəfindən "Memories of Baku" ("Bakı xatirələri") kitabı nəşr olunmuşdur. Kitabın Bakının ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədərki tarixindən bəhs edən fəslin müəllifi Fərid Ələkbərlidir. Kitab XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid tarixi fotolarla zəngindir. Fərid Ələkbərli Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildində yer alan Azərbaycanda ən qədim zamanladan XX əsrin əvvəllərinə qədərki dövrdə elmi biliklərin tarixi haqqında məqalənin müəllifidir. Fərid Ələkbərli müxtəlif beynəlxalq elmi konfranslarda iştirak etmişdir: Bolonya (İtaliya), 1992; Təbriz (İran), 1993; Tehran (İran), 2000; İstanbul (Türkiyə), 2002; Moskva (Rusiya), 2003; Kiel (Almaniya), 2003; Lids (Böyük Britaniya), 2004; Tehran (İran), 2004; Patras (Yunanıstan), 2005; Varna (Bolqarıstan), 2005; Konya (Türkiyə), 2008; Aşqabat (Türkmənistan), 2009; Nikosiya (Kipr), 2009; Roma (İtaliya), 2010; Varşava (Polşa), 2011; Berlin (Almaniya), 2011; Barselona (İspaniya), 2011; Roma (İtaliya), 2012; Roma (İtaliya), 2013; Moskva (Rusiya), 2013; Almatı (Qazaxstan), 2013, Roma (İtaliya), 2015 və s. Fərid Ələkbərlinin uşaqlar üçün yazdığı еlmi kütləvi hеkayələr Moskvada (1990) və Bakıda (1988, 1996, 2012) işıq üzü görmüşdür. 1998-ci ildə müəllif öz nağılları ilə Açıq Cəmiyyət İnstitutunun (Soros fondunun) "Addım-addım" (Step bg step) proqramında iştirak еtmişdir və bununla bağlı xüsusi sеrtifikat almışdır. 2000-2002-ci illərdə yеnə də Açıq Cəmiyyət Institutunun "Addım-addım" proqramını çərçivəsində uşaq nağılları müsabiqələrində iştirak еtmişdir. Nyu-York Bеynəlxalq Uşaq Yazıçıları Ittifaqı onun təqdim еtdiyi nağılları özünün intеrnеt saytında yеrləşdirmişdir. Fərid Ələkbərli bir sıra nəşrlərin, o cümlədə Bolqarıstanda işıq üzü görən "Asklеpios" Bеynəlxalq Tibb Tarixi Jurnalının və ABŞ-da dərc olunan "Azеrbaijan Intеrnational", "Biomedicine Intеrnational", "International Journal of History and Philosophy of Medicine" jurnallarının rеdaksiya hеyətinin üzvüdür. Fərid Ələkbərli Azərbaycan, rus, ingilis və başqa dillərdə 200-dən çox elmi və elmi-kütləvi əsərin, o cümlədən 23 kitabın, bir sira bədii hekayələrin müəllifi kimi daim yaddaşlarda yaşayacaqdır.

Bir haşiyə çıxmaq istəyirəm. Minnətdarlıq hissi ilə xatırlayıram ki, Fərid müəllimə təşkilatımızın ("Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi) adının ingilis dilinə tərcüməsi ilə bağlı xahiş etmişdim. Çox böyük həssaslıqla yanaşdı və dəstək oldu.
Həmin hadisəni heç vaxt unutmaram...

Adətən, Sosial şəbəkələrdə dostlarımızdan vəfat edən olarsa, virtual əlaqələrə xitam verilir.
Fərid müəllim üçün isə bu keçərli deyil. Çünki, böyük adam və alim tərəfimizdən daim xatırlanır, anılır və yad edilir.

Düşünürük ki, ümumən dövlət və xalqı qarşısında müstəsna xidmətləri olmuş insanların xatırlanması, əlamətdar tarixlərdə anılması, peşəsinə uyğun yad edilməsi ancaq və ancaq elmin və cəmiyyətin inkişafına öz töhfəsini verə bilər.

Bizlərə əmanət qoyduğu zəngin irsi, tədqiqatları, əlyazmaları, kitabxanası, arxivi ilə minnətdarlıqla xatırlanacaq, əsla və əsla unudulmayacaqdır.

Belə demək mümkünsə, Fərid müəllimin Azərbaycan tarixi və elmi ilə bağlı "Harada Şərq əlyazmaları varsa, orada Azərbaycan əlyazmaları da var" orijnal açıqlaması yeni nəsil tədqiqatçılar üçün yol xəritəsidir.

"Məqsədimiz dünyanın harasında Azərbaycana aid əlyazma varsa, hamısını tapıb ölkəmizə gətirməkdir" örnək fikirləri onlar üçün situmuldur.

Bir sözlə, Fərid Ələkbərlini müasir Azərbaycan elminin seçilmiş simasıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar