Elməddin Behbudun tərtibçi-müəllifi olduğu "Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabının Sosial Tədqiqatlar Mərkəzində təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, bu, Azərbaycan Cümhuriyyəti dönəmində parlamentdə Zəngəzur qəzasını təmsil etmiş millət vəkili, yazar, jurnalist, mühacir Məhəmmədsadıq Aran (Türkiyədə Mehmet Sadık Aran imzası ilə tanınıb) haqqında Azərbaycanda nəşr olunmuş ilk kitabdır. Nəşrdə Məhəmmədsadıq Aranın zəngin və keşməkeşli həyat yoluna işıq tutulub, müxtəlif ölkələrdəki çoxşaxəli fəaliyyəti haqqında məlumatlar əksini tapıb.
Bakupost.az xəbər verir ki,
tədbiri giriş sözü ilə açan STM-in media və kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, ötən yüzillikdə baş verən hadisələrin mahiyyətinə və xronologiyasına nəzər saldıqda diqqətimizin mərkəzində əlbəttə ki, ən taleyüklü və mühüm tarixi hadisə kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dayanır. İyirmi üç aylıq hakimiyyət bütün xarici və daxili məhrumiyyətlərə baxmayaraq bir daha dünyaya azərbaycanlıların dövlət qurmaq bacarığını və hökmünü göstərir. Ə. Əlibəyli Azərbaycan Cümhuriyyəti fəaliyyəti dövründə və 1920-ci ilin aprelindən sonra dünyanın müxtəlif ölkələrinə səpələnərək yenidən müstəqillik uğrunda aparılan mübarizə aparan ən fəal aydınlarımızdan olan Məhəmmədsadıq Aran haqqında kitabın nəşrini mühüm hadisə adlandırıb.
Təqdimat mərasimində məruzə ilə çıxış edən nəşrin elmi məsləhətçisi, professor Ədalət Tahirzadə bu kitabın Məhəmmədsadıq Arana ucaldılmış möhtəşəm abidə olduğunu söyləyib. Ə.Tahirzadə indiyədək M.Aran barədə kiçik həcmli də olsa müxtəlif araşdırmaların işıq üzü gördüyünü, ancaq onun həyat və fəaliyyətinin ən kamil şəkildə əksini tapdığı əsərin məhz bu kitab olduğunu vurğulayıb. Ə. Tahirzadə gördüyü bu işə yüksək tələblərlə və fanatcasına yanaşan Elməddin Behbuddan qarşıdakı illərdə Məhəmmədsadıq Aran haqqında ayrıca monoqrafiya nəşr etdirməyi gözlədiyini deyib.
Tədqiqatçı Əli Şamil Azərbaycan Cümhuriyyətinin ən görkəmli şəxslərindən birinə həsr olunan bu kitabın nəşrinin əslində 35 il öncə - dövlətimizin müstəqilliyini bərpa edən kimi həyata keçirilməli olduğunu bildirib. Əli Şamil M.Aranın son dərəcə mərd və cəsur insan olduğunu, işğalçılara qarşı barışmaz mövqeyini sonadək qoruyub saxladığını deyib. Ə. Şamil Elməddin Behbudun timsalında yeni tədqiqatçı nəslinin tariximizin qaranlıq səhifələrinə işıq salmasının böyük fərəh doğurduğunu ifadə edib.
Kitabın elmi redaktoru Dilqəm Əhməd M.Aranın Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti və mühacir həyatı yaşadığı dövrdəki fəaliyyətinin əsas istiqamətləri, onun tükənməz mübarizə əzminin heyranediciliyi və türk millətçiliyi əqidəsinə bağlılığı barədə danışıb. D.Əhməd mühacirlər barədə elmi tədqiqat aparılmasının məşəqqətli olduğunu, ancaq tərtibçi-müəllifin M.Aran irsinin öyrənilməsi istiqamətində sərf etdiyi əməyin hədər getmədiyini və bu kitabın qiymətli mənbəyə çevriləcəyini bildirib.
Toplantıda çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu dövlətimizin hazırki mübarizəsinin milli məqsədlərə çatması baxımından bu kitabın çox dəyərli olduğunu söyləyib. Azərbaycan milli, etnik coğrafiyasının siyasi-inzibati sərhədlərimizdən böyük olduğunu deyən millət vəkili Qərbi Azərbaycanla bağlı yeni elmi əsərlərin çapının sevindirici olduğunu bildirib. H. Babaoğlu prezident İlham Əliyevin yerli televiziya kanllarına verdiyi son müsahibədə irəli sürdüyü fikirlərin Qərbi Azərbaycana qayıdış uğrunda mübarizəmizin yeni tezislərinə çevrildiyini qeyd edib.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı bu kitabın soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının tarixi, siyasi cəhətdən əsaslandırılması baxımından qiymətli nəşr olduğunu bildirib. M. İbrahimqızı dövlət başçısı İlham Əliyevin “Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var” fikrinə istinad edərək bu kitabın Zəngəzurun hər iki hissəsini birləşdirən fundamental əsər olduğunu deyib.
Milli Məclisin deputatı Vüqar İsgəndərov Azərbaycan Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən və onun qoyduğu dövlətçilik irsindən bəhs edib. V. İsgəndərov Zəngəzurun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyib və M.Aran kimi az tədqiq olunan tarixi şəxsiyyətlərin belə dəyərli əsərlər vasitəsi ilə ictimaiyyətə tanıdılmasının vacibliyini vurğulayıb.
Professor Asif Rüstəmli M.Aran haqqında arxivlərdə aşkarladığı faktları səsləndirib və "Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabının çap edilməsinin böyük hadisə olduğunu deyib. A. Rüstəmli bu kitabın mühüm elmi əhəmiyyət daşıdığını və əslində bir institutun öhdəsindən gəlməsi qədər çətin olan işi reallaşdırdığına görə müəllifə təşəkkürünü bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir M.Aran kimi tarixi şəxsiyyətlərin türk dünyası, o cümlədən Azərbaycandakı gənc nəsilə tanıdılmasının zəruri olduğunu bildirib və “Mücahid ömrü” kitabının nəşrini çox dəyərli hadisə adlandırıb. C. İşbilir Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ittifaqın, yeni türk renesansının inkişafına hər iki dövlətin vətəndaşlarının bütün sahələrdə töhfə verməli olduğunu deyib. C.İşbilir bu kitabın nəşrinin türk dünyasının dəyərli şəxsiyyətləri ilə bağlı yeni elmi axtarışları təşviq edəcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Elşad Qurbanov, tarixçi alim Nazir Əhmədli, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfüqar, Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, “Füyuzat” dərgisinin baş redaktoru Mübariz Yunuszadə, STM-in sektor müdiri Əfqan Vəliyev, Məhəmmədsadıq Aranın qohumları Sevindik Mehdiyev və dosent Aybəniz Məmmədova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin rəhbəri Telman İsa, professor Şəlalə Həsənova və digər şəxslər M.Aranın istər 1920-ci ildən öncə, istərsə də Cümhuriyyətin süqutundan sonra ardıcıl fəaliyyəti ilə tariximizin parlaq şəxsiyyətlərindən biri olduğunu, onun haqqında gərgin zəhmət hesabına hazırlanan kitabın nəşrini yüksək qiymətləndirdiklərini deyib və bu münasibətlə elmi ictimaiyyəti təbrik ediblər. Çıxışçılar kitabın nəşrinin müsəlman Şərqində ilk respublikanı quran böyük şəxsiyyətlərimizin ictimaiyyətə tanıdılması işinə mühüm töhfə verdiyini vurğulayıblar.
Nəşrin tərtibçi-müəllifi Elməddin Behbud kitabın çapı və təqdimat mərasiminin təşkilinə verdikləri dəstəyə görə başda Zahid Oruc olmaqla Sosial Tədqiqatlar Mərkəzinin kollektivinə təşəkkürünü bildirib.
Elməddin Behbud deyib ki, bu nəşrdə M.Aranın mühacirət dönəmindəki çoxsaylı yaradıcılıq nümunələrinin bir qismi - iki kitabı və onlarla məqaləsi ilk dəfə olaraq Azərbaycan dilinə uyğunlaşdırılıb və oxucuların ixtiyarına verilib. Kitabda onun azadlıq və müstəqillik uğrunda mübarizəsinin müxtəlif səhifələri işıqlandırılıb, eyni zamanda, Azərbaycan parlamentində - “Məclisi-Məbusan”dakı çıxışları və mühacirətdən öncəki dönəmdə “Azərbaycan” qəzetində yayımlanan məqalələrinə də yer verilib. M.Aranın Türkiyədə yaşamış yeganə ailə üzvü - əmisi oğlu Məhəmmədtağı Aran barədə də kitabda məlumatlar əksini tapıb: “Oxucular bu kitabda həmçinin, ilk dəfə olaraq M.Aranın xarici ölkələrdə yaşayan doğmalarının maraqlı xatirələri ilə və yeni foto şəkillərlə də tanış ola biləcəklər. Nəşrdə əksini tapan çoxsaylı faktlar, bir-birindən maraqlı məlumatlar indiyədək M.Aranla bağlı qaranlıq qalan bir çox məsələyə aydınlıq gətirib. Bu kitab vasitəsi ilə M.Aranın istər Azərbaycanda, istərsə də məcburi olaraq vətəndən uzaqda yaşadığı dövrlərdəki fəaliyyətini öyrəndikcə göz önünə ömrünü milli mübarizəyə həsr edən, əqidəsinə vurğun, amallarına sadiq, tükənməz enerjiyə malik idealist və fenomenal türk aydını obrazı gəlir”.