Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərməsi və başına silah dirəyərək videoya çəkməsi ilə bağlı iddialar ötən ilin mart ayında səs-küyə səbəb olmuşdu.
Bakupost.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ceyhun Hüseynovun keçmiş həyat yoldaşı Nərgiz Hüseynova barəsində Qaradağ Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb. O, Nərgizin Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi üzrə cəzalandırılmasını tələb edib.
C.Hüseynov iddiasında bildirib ki, Nərgiz Hüseynova sosial media səhifələrinə müsahibə verərək barəsində həqiqətə uyğun olmayan şeylər danışıb: “Nərgiz verdiyi müsahibədə “Ceyhun Hüseynov 21 fevral 2023-cü il tarixində axşam saat 10-11 radələrində arası evə gəlib dövlətin ona verdiyi silahı başıma dayayaraq dostu Mübariz videoya çəkərək zorla mənə dedirtdi ki, de ki mən sənə xəyanət eləmişəm”, “sonra ayaqlarımı bağladı, əlimi bağladı mən xahiş elədikdən sonra əlimi ayağımı açdı və bu arada üstümə bıçaq çəkdi” məzmununda ifadələr işlədib. Nərgiz Hüseynova həmin müsahibəsində mənim ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətinm ənə verdiyi odlu silahı onun başına tuşlayıb öldürməklə hədələdiyimi söyləyib. Qeyd olunan müsahibədə odlu silahdan istifadə edərək onu qəsdən öldürməyə cəhd etməyi barədə yalan və böhtan xarakterli məlumatlar yayıb. Barəmdə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla şərəf və ləyaqətimi alçaldaraq barəmdə böhtan xarakterli məlumatlar verib”.