Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-da keçiriləcəyini bildirib. Bəs, müxalifətin bu seçkilərə münasibəti necədir? Onlar bələdiyyə seçkilərində iştirak edəcəklərmi?
Mövzuyla bağlı partiya rəhbərləri Bakupost.az-a danışıblar.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bələdiyyə seçkiləri yerli seçkilərdir, burada əsas məsələ yerli fəalların prosesdə iştirak etmək istəyindən asılıdır:
“Amma ötən seçkilər ölkədə seçkiyə inamı sarsıdıb. Heç kimi inandırıb seçkilərə qoşmaq olmur. Yəqin ki, kimlərsə öz namizədliyini verəcək. Bizim partiya üzvlərinin hüquqlarını məhdudlaşdırmağa ixtiyarımız yoxdur. Onlar sərbəstdir. Biz onları nə seçkidə iştirak etməyə, nə də etməməyə məcbur edə bilərik. Amma bir o qədər də həvəsli deyillər. Çünki bələdiyyə seçkiləri saxtalaşdırılır. Camaat gedir, əziyyət çəkir, təbliğat aparır, nəticə isə heç vaxt olmur. Bu nailiyyətsizlik sindromuna görə, insanlarda ciddi maraq yoxdur. Ən yaxın adamları belə seçkiyə gətirmək olmur. Çünki gəlib səs verirlər, amma nəticədə başqa birinin qalib gəldiyi elan olunur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də bələdiyyə seçkilərində iştirak edəcəklərini vurğulayıb:
“Artıq namizədlər müəyyənləşdirilib. Biz bütün seçkilərdə iştirakın tərəfdarıyıq. Lakin bələdiyyələrin statuslarının artırılmasını istəyirik. Bununla bağlı dəfələrlə tövsiyələrimiz olub. Bundan əlavə, bələdiyyələrin birləşdirilməsinin tərəfdarı deyilik. Yerli və məhəlli problemləri həll edən bir qurum bütün yerlərdə olmalıdır. Biz iri şəhərlərdə bələdiyyə sədrlərinin xalq tərəfindən seçilməsi, o cümlədən, Türkiyə variantı kimi muxtariyyət sisteminə keçidin tərəfdarıyıq. Azərbaycan Avropa Şurasına qəbul olaunarkən iri şəhər bələdiyyələrinin ümumxalq səsvermə ilə seçiləcəyi öhdəliyi götürmüşdü. Təəssüflər olsun ki, bu öhdəlik yerinə yetirilməyib”.
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı da seçkilər barədə öz fikirlərini bildirib:
“Biz hələlik seçki ilə bağlı müzakirə aparmamaışıq. Hələlik seçkinin vaxtı təyin olunmayıb. Təyin olunandan sonra Divanda müzakirə aparıb qərar verəcəyik. Amma ümumiyyətlə, Azərbaycanda şəffaf seçkilər yoxdur”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə bələdiyyə seçkilərinin ən miqyaslı seçkilər olduğunu bildirib:
“Sonuncu qanun dəyişikliyindən sonra 680 bələdiyyə var. Orta hesabla hərəsində 10 namizəd olsa, 6800 nəfər edir. Təbii ki, indiki məqamda bütün namizədləri əhatə etmək çətindir. Biz Azərbaycanda bələdiyyələrin real təsir imkanlarını bildiyimiz üçün, partiya olaraq bu seçkilərə parlamanet seçkilərindəki kimi xüsusi bir hazırlıq görməyəcəyik. Biz daha çox bu seçkilərə partiya üzvlərinin seçki təcrübəsinin artırılması, insanlarla işləmək, partiyanın təbliği kimi baxırıq. Bələdiyyə ilə bağlı xüsusi xəyallarımız yoxdur. Seçkiyə münasibətimiz yaxşıdır, amma Azərbaycanda bələdiyyələrin səlahiyyəti yoxdur. İnsanlar arasında sorğu da keçirsəz, görərsiz ki, bələdiyyələrə maraq yoxdur”.
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı da seçkilərdə iştirak edəcəklərini bildirib:
“Ədalət, Hüquq, Demokratiya Partiyası indiyə qədər Azərbaycanda keçirilən həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərində iştirak edib. Bundan sonra da edəcəyik. Düşünürəm ki, siyasi partiyaların ən başlıca məqsədlərindən biri də keçirilən seçkilərdə iştirak etməkdir. Bələdiyyələrin birləşməsindən sonra hazırda 700 bələdiyyə mövcuddur.Ancaq onların səlahiyyətləri geniş deyil. Ümid edirik ki, növbəti mərhələdə bələdiyyələrin səlahiyyətləri artırılacaq və Bakı, Gəncə kimi iri şəhərlərdə bələdiyyələr formalaşacaq”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirdi:
"Seçkinin tarixi müəyyənləşəndən sonra biz müvafiq kampaniyalar aparacağıq. Bizim partiyamız çalışacaq ki, bu seçkilərdə çox ciddi təmsil olunsun”.
Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli partiya olaraq yaranan gündən seçkilərdə iştirakı prioritet hesab etdiklərini vurğulayıb:
“Bu seçkilərdə də iştirak edəcəyik. Siyasi partiyanın seçkilərdə iştirak etməsi çox vacibdir. Həftə sonu keçiriləcək toplantımızda namizədləri, onların bölgələrini müzakirə edib qərar verəcəyik”.
Rəhman, BakuPost