Azərbaycanda terror aktı, dövlət xadimlərinə sui-qəsd hazırlamaqda ittiham olunan Elşən Yunis oğlu Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Təqsirləndirilən şəxs son söz demək üçün məhkəmənin qapalı keçirilməsini xahiş edib. Onun xahişi təmin edilib.
Daha sonra məhkəmənin hökmü elan edilib və Elşən Nəcəfov 12 il müddətinə azadlıqdan mərhum edilib. Onun cəzasın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İstintaq materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törədə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Elşən Nəcəfov həbs olunmamışdan əvvəl Elm və Təhsil Nazirliyinin dəftərxanasında işləyib.