2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan daxilolmalarının 2024-cü illə müqayisədə, təxminən 750 milyon manat az olacağı gözlənilir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, bu, büdcədə nəzərdə tutulan neftin qiymətinin bir barel üçün 75 dollardan 70 dollara dəyişdirilməsi, eləcə də ölkənin neft yataqlarının tükənməsi ilə bağlıdır. Nazir əlavə edib ki, Azərbaycan dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı ehtiyat tədbirlərini təmin edib.
Mövzuya münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib ki, neft ixracından əldə olunan resursların, hasilatın azalması və neft qiymətlərinin düşməsi ölkə iqtisadiyyatına birbaşa təsir göstərir.
Bütövlükdə neft-qaz ixracatının Avropa bazarlarına reallaşdırılması uzun müddətli perespektiv üçün xarici-iqtisadi siyasətin prioriteti hesab oluna bilməz. Bunu Avropadakı vəziyyəti, onun enerji siyasətindəki durumu nəzərə alaraq söyləmək olar:
“İqtisadiyyatımızı şaxələndirməliyik. Həm ixrac istiqamətləri üzrə, həm də bütövlükdə makroiqtisadi müstəvidə. Bunun uzun müddətli perspektiv nöqteyi-nəzərindən alternativi yoxdur. Ona görə də biz büdcə siyasətini də təkmilləşdirərək investisiyaların həcmi artırmalıyıq. Eyni zamanda, bütövlükdə ölkədə investisiyaların kəskin şəkildə artırılmasına ehtiyac var. Pul-kredit siyasəti yumşalmalı, bank sektoru investisiya yaradan əsas mənbə kimi iqtisadiyyatda çıxış edərək daxili investisiya resurslarını kəskin şəkildə artırmalıdır. Eyni zamanda sossial ödənişlər, xərclər artır. Bu labüddür. Çünki əhalinin geniş kateqoriyalarının sosial müdafiəsi deməkdir ki, bu sosial-iqtisadi siyasətin danılmaz prioriteti kimi qəbul olunmalıdır. Sosial xərclərin artması həm də iqtisadiyyata, daxili istehsala təkandır. Çünki bu daxili bazarda alıcılıq qabiliyyətinin qorunması və inkişaf etdirilməsi, genişləndirilməsidir. Hesab edirəm ki, son illər ərzində sosial müdafiə sistemində əldə olunan şəffaflıq bücdə resurslarımızı xeyli artırıb. Bu istiqamətdə işlərin davam etdirilməsinə ehtiyac var. Bütövlükdə, sosial-iqtisadi siyasətin dayanıqlığı nöqteyi-nəzərindən maksimum şəkildə çalışmalıyıq ki, iqtisadiyyatda canlanma olsun. İnvestisiyalar artsın, yeni iş yerləri yaradılsın. İqtisadiyyatın yüksək texnoloji tutumlu sahələrini inkişaf etdirək. Çünki bu iqtisadiyyatın rəqabət qabiliyyətliliyin şaxələndirilməsinin açarı kimi çıxış etməlidir”.
Sevinc, BakuPost