“Kuklaçı olmaq kənardan çoxlarına asan görünsə də, heç də asan sənət deyil. Bu peşəni təəssüf ki, İncəsənət Universitetində öyrətmirlər. Gələn aktyorları teatrda peşəkar aktyorlar öyrədirlər. Hər kuklaçı aktyor istənilən teatrda, kinoda gözəl rollar yarada bilər, amma hər aktyor Kukla Teatrının aktyoru ola bilmir. Çünki çox çətindir. Spesifik bir sahədir, bu işin həddən çox xırdalıqları var”.
Bakupost.az lent.az-a istinadla xəbər verir ki, bu fikirləri Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aparıcı aktrisası Aygül Ağayeva səsləndirib.
O deyib ki, bu teatrın aktyorları illərlə səhnədə olsalar da, onların üzləri görünmür, tanınmırlar. aptek depo
“Amma əziyyətimiz başqa teatrların aktyorlarınınkından qat-qat çoxdur. Pərdə altında, əlində saatlarla 5-8, bəzən daha ağır kuklalarla çıxış eləmək, onları düzgün hərəkətə gətirmək, canlandırmaq asan iş deyil. Bir stəkan suyu 15 dəqiqə əlini tərpətmədən havada saxlasan yorulursan, amma biz gün olub ki, hər biri 45 dəqiqə olmaqla eyni gündə 3 dəfə səhnəyə çıxmışıq. Bunun müqabilində maaşlarımız çox azdır.
13 kateqoriyada olan aktrisayam. Maaşım 560 manatdır. Kateqoriyası aşağı olan, yeni gələn aktyorlar daha az maaş alırlar. Direktorumuz Rəşad Əhmədzadə dəfələrlə nazirliyə müraciət eləsə də, bizim teatrı arxa planda saxlayırlar. Milli və ya Akademik status alsaq, maaşlarımız ikiqat artar. Biz beynəlxalq festivallardan daima mükafatlarla gəlirik, ildə göstərdiyimiz tamaşaların sayı Akademik Dram Teatrının tamaşalarının sayından çoxdur. O böyüklükdə kollektivdə cəmi 2 nəfərə Xalq artisti fəxri adı verilib. Teatrdan təqdimat getsə də, nazirlik vermir. Aktyorlarımızın sosial vəziyyətinin yaxşılaşması üçün teatrımızın status almasını çox istəyirik”.