“Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” deyən aparıcı Nigar Fərhad sosial media hesabında açıqlama yayıb.
Bakupost.az bildirir ki, aparıcı efirdə fikirlərinin təhrif olunduğunu, özünün də atasız böyüdüyünü deyib:
"Birincisi, mənim hələ oğlum yoxdur. İnşallah, övladım olar və inşallah ki, oğluma şəhid qızı qismət olar. Mən fikrimi bildirərkən o mənada demişdim ki, bəzi analar sırf öz həzzinə görə ailəsini tərk edir, qızını atasız qoyur, həyat yoldaşını çətin anlarında yarı yolda buraxıb gedir və ona sahib çıxmır. Belə bir ananın qızını öz oğluma həyat yoldaşı olaraq qəbul etməzdim.
Lakin ümumiyyətlə, atasız böyüyən qızlar haqqında danışırıqsa, mən həmişə onların yanında olmuşam. Hətta mənim yanımda çalışan əməkdaşların 90%-i atasız böyümüş qızlardır. Yeri gəlmişkən, mən özüm də atasız böyümüş bir qızam. Sadəcə olaraq, efirə getməyən bəzi məqamlar olur və siz məhz müəyyən kadrları paylaşaraq kontekstdən çıxarılmış görüntü yaradırsınız".
Xatırladaq ki, Nigar Fərhad aparıcısı olduğu verilişində “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” deyərək səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb, sərt tənqid edilib.