Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri yalnız bu ölkə ilə deyil, digər Avropa dövlətləri ilə də əməkdaşlıq imkanlarının dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Prezident 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada da iştirak edib. Tədbirdə çıxışı zamanı İlham Əliyev bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq AzərbaycanınAvropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur.
Prezident qeyd edib ki, biz bu hədəfə doğru irəliləyirik. Onun sözlərinə görə, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir:
“Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
Səfər çərçivəsində Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
İlham Əliyev Oksfordda qarşı tərəfin müraciətinə əsasən, Almaniyanın Kansleri Olaf Şolts ilə görüşüb. Görüş zamanı Almaniya Kansleri Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini deyib. İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan uğurları xüsusi qeyd edib, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirib.
İlham Əliyev həmçinin səfər çərçivəsində Oksfordda qarşı tərəfin müraciətinə əsasən, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Çex Respublikasının Baş naziri Petr Fiala, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Fridenlə də görülüb. Ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunulub.
İlham Əliyev sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğulayıb.
Ölkə başçısı həmçinin Macarıstanın Baş naziri Viktor Orban, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherlə söhbət edib, ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir.
Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, Azərbaycan bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün Konstitusiyası ilə altı ali niyyətindən biri kimi müəyyən edib. Bu ali niyyətin realizəsi üçün bütün mümkün mexanizmlərə fürsət kimi baxılır, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarında nəzərdə tutulan prinsiplər əsasında əlaqələrin mümkün qədər çoxşaxəli formatda qurulmasına çalışılır. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi"nin 4-cü Zirvəsində iştirak üçün Böyük Britaniyaya səfəri də ilk növbədə məhz bu ali niyyətlərin realizəsinə töhfə kimi qiymətləndirilməlidir:
“Səfər çərçivəsində Prezident istər qlobal, istər regional, istərsə də ikitərəfli münasibətlər baxımından mühüm müzakirələr keçirib. Bu görüşlər istər Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı yeni reallıqlara münasibətin dayanıqlılığının təmini, həmçinin noyabr ayında keçiriləcək COP29-la bağlı müzakirələrin keçirilməsi və tədbirə ev sahibliyi edəcək dövlətin başçısı kimi cənab İlham Əliyevin həmin liderləri şəxsən Bakıya dəvət etməsi anlamında mühüm əhəmiyyətə malikdir. “Avropa Siyasi Birliyi"nin 4-cü Zirvəsi çərçivəsində Fransanın yenidən qeyri-praqmatik və regionda sülhə xidmət etməyən mövqe sərgiləməsi, 30 ildən artıq işğalı sürdürmüş Ermənistanın sülhsevər dövlət kimi təqdim edilməsi və Azərbaycanın ünvanına əsassız ittihamlar yağdırması bir daha göstərir ki, bu kimi tədbirlərdə iştirak və yüksək səviyyədə təmsilçilik, həmçinin ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi Fransa və onun orbitində olan digər beynəlxalq subyektlərin əsassız davranışlarının qarşısının alınması və cavablandırılması baxımından çox mühümdür”.
Millət vəkili Azər Badamovun sözlərinə görə, Böyük Britaniyanın Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşmək istəyənlərin sayının çox olması liderimizin şəxsiyyətinə olan böyük inam və hörmətin göstəricisidir:
“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Bu gün Avropa İttifaqı enerji daşıyıcıları ilə təchizatında böyük çətinliklərlə qarşılaşmışdır. Azərbaycan isə Avropa İttifaqının qazla təchizatında alternativsiz mənbəyə çevrilmişdir. 2027-ci ilə qədər Avropaya qaz ixracımızı 20 milyard kub metrə çatdırmağa hədəfləmişik. Avropa İttifaqı görür ki, Prezident İlham Əliyevin sözü imzası qədər möhkəmdir. Ona görə də Avropa liderləri dövlət başçımızla görüşməyə, əməkdaşlığı genişləndirməyə çalışır".
Millət vəkili Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir. Əminlikə deyə bilərik ki, bu əməkdaşlıq gələcəkdə daha da böyük töhfələr verəcəkdir.
O vurğulayıb ki, Azərbaycanın etibarlı tərəfdaş olması bu məsələdə daha böyük uğurlar əldə etməsinə imkan yaradır:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bu gün Avropaya Azərbaycan və Əlcəzairdən borular vasitəsilə qaz idxalı artıb. Lakin bu, hələlik yetərli deyil, amma daxili infrastrukturu genişləndirmək üçün növbəti addımlar atmalıdır. Rusiya qazından asılılığını aradan qaldırmağı hədəfləyən Avropa Azərbaycanla enerji məsələsində də yaxından əməkdaşlıq etmək niyyətindədir. Bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb. Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
Sevinc,
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının mühafizəsi” mövzusunda hazırlanıb.