Ru
18:58 / 24 Yanvar 2025

"Oleq Bakinski"nin məhkəməsində 6 milyon manatlıq mülki iddia qaldırılıb

"Oleq Bakinski"nin məhkəməsində 6 milyon manatlıq mülki iddia qaldırılıb
727

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.


Bakupost az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Konstantin Kuçer Ukrayna dili üzrə tərcüməçi ilə təmin edilib.

Daha sonra zərərçəkmişlər tərəfindən məhkəməyə mülki iddia təqdim edilib. Valeriy Zaxarenkovun vəkili dəymiş mənəvi zərərin qarşılığı olaraq hər iki təqsirləndirilən şəxsdən ümumi olaraq 50 min manat pul istəyib.


"Promyshlennye Postavki Kazakhstan" MMC şirkəti 5 milyon 184 min manat, "Aviazapchast" ASC şirkəti isə 1 milyon manat mülki iddia qaldırıb və məbləği Konstantin Kuçerdən tələb ediblər.


Təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti əsassız hesab edərək etiraz edib.


Məhkəmə hər üç mülki iddianı icraata qəbul edərək araşdırlacağını bildirib.


Prokuror ittiham aktını səsləndirib. Məlum olub ki, Konstantin Kuçer, Valeriy Zaxarenkovun etibarından sui-istifadə edərək "Aviazapchast"ASC şirkətindən ona Ukraynaya yardım etmək üçün gəmilərin xaricə satışını təmin edəcəyini bildirib.

O, Bakı şəhər Xətai rayonunda yerləşən “Global Force” şirkəti vasitəsi ilə həmin gəmiləri Ukraynadan Hindistandakı şirkətlərə yönləndirəcəyinə söz verib.

K.Kuçer Valeriy Zaxarenkovu aldadaraq həmin şirkətdən ləğv prosesində olan "Günay Bank"dakı hesabına 749 min manat və "BankFTB"-dəki hesabına 683 min manat köçürülməsini təmin edərək, ümumilikdə 1 milyon 515 min manat ziyan vurub.

Daha sonra həmin məbləği özünün Avropa və Orta Asiyadakı şirkətlərinə köçürərək mənimsəyib, verdiyi vədə əməl etməyib.


Oxşar vədlərlə "Promyshlennye Postavki Kazakhstan" MMC şirkətinə də yenə Valeriy Zaxarenkovun etibarından sui-istifadə edərək dələduzluq edib və ümumilikdə həmin şirkətə 5 milyon 114 min manat ziyan vurub.

Konstantin Kuçer daha sonra Oleq Bakinski ilə birgə Valeriy Zaxarenkovun şirkətində ictimai asayişi pozub və özünə də yüngül zərər vurub.

Konstantin Kuçerə Cinayət Məcəlləsinin 178.4-cü və 223-cü maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında qeyd olunub ki, Oleq Bakinski heç bir əlaqəsi olmadığı müqaviləyə görə Valeriy Zaxarenkovu təhqir edib. Onu şüşə qabla vuraraq qolunu sındırıb. Onun eyni zamanda alnı da cızılıb.

Daha sonra Oleq Bakinski Konstantin Kuçer və bir neçə digər şəxslə birliktə Valeriy Zaxarenkova bıçaq göstərərək onu hədələyib.

Oleq Bakinskiyə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Konstantin Kuşer özünü heç bir halda təqsirli bilmədiyini deyib.

Oleq Krapivin də özünü təqsirli bilmədiyini deyib.

Prosesdə öncə təqsirləndirilən, sonra zərərçəkənlərin və şahidlərin dindirilməsinə qərar verilib.

Konstantin Kuçer ifadəsində bildirib ki, ondan şikayət olunmasına əsas səbəb zərərçəkənin mallarının Rusiyaya göndərilməsindən şübhələnməsi olub. Malların əslində Qazaxıstana göndəriləcəyi nəzərdə tutulub. Bütün problemlər müharibənin başlaması ilə əlaqədar yaranıb:

"Zaxarenko ilə onun ofisində söhbət etdik. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başladı. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan “Günay Bank”dadır. 5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum digər qonaqlar hardadır? Zryanenko gəldi və onlar dedilər ki, axşam Bakıdan uçurlar. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin.

Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü niyə vasitəçi vasitəsilə təşkil ediblər. İyulun 31-də polis əməkdaşları gəldi ki, onları general göndərib, getməliyik. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polisi İdarəsinə getdim. Orada müstəntiq bildirdi ki, mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb, Zaxarenko tərəfindən şikayət ərizəsi daxil olub. Mən ərizəni göstərməyini istədim, ancaq müstəntiq vermədi. Bu günə kimi də mən həmin ərizə ilə tanış olmamışam. Xuliqanlıqla bağlı dindirilən zaman Zaxarenko dələduzluq əməli ilə bağlı şikayət etməmişdi və mənim adım heç bir şikayət ərizəsində qeyd olunmayıb. 3 aydır mən etmədiyim əmələ görə həbsdə yatıram. Hansı əsasla mən şübhəli şəxs qismində cəlb olunmuşam?

Bakıda yaşayırdım, mənim heç bir dələduzluq əməli törətmək fikrim olmayıb. Mən dələduz olsaydım, həmin vəsaitləri başqa hesablara köçürdərdim. Mən onları “Günay Bank”ın rəhbəri Mahmud Məmmədovla görüşdürmək istədim. Ancaq həmin şəxslər dedi ki, biz Kuçerlə danışmışıq. Hətta Mahmud Məmmədov pulun qarşılığında daşınmaz əmlak təklif elədi. Ancaq həmin əmlak borcun ancaq 30 faizini təşkil edirdi. Mən əmlakı daha baha qiymətə almağa razı idim ki, insanların pulunu qaytarım. Bankın mənə 8 milyon borcu var idi, mən razı idim ki, o mənə 6 milyon qaytarsın. Ancaq Mahmud Məmmədov razılaşmadı".

Sonra Oleq Krapivin ifadə verib: "Mən səhərdən baxıram, deyirlər ki, 1 milyon belə getdi, 2 milyon belə gəldi. Zərərçəkmiş şəxs deyir ki, mən onu butulka ilə vurmuşam. Hanı əl izləri, qan izləri, hanı butulka? Bəlkə mən onu tapança ilə vurmuşam? Mən o tərəfdən gəlmişəm, Kuçer tərəfdən yox. Mən heç bilmirdim bunlar bir-birini tanıyırlar. Öpüşdülər qardaş kimi. Qalxdıq ofisə, orada Kuçer dedi ki, pul məndə deyil, bankdadır. Orada üzümə söyüş söyüb gəldi, o zaman ayağı ilişib yıxıldı. Mənə dedilər ki, üstümdə onun qan izi var. Zaryanov onlar çıxıb gedəndən sonra niyə bizim yanımızda qaldı? Əgər döyülüblərsə, o niyə qalırdılar? İnanın mən onları görsəm yenə tanımaram. 6 aydır həbs ediblər. Onların saydığı xuliqanlığa görə mən cəzamı çəkmişəm. Mənim 66 yaşım var, idmançı tələbələrim var. Mən dövlətin yanında olan adamam. 5 ildir Azərbaycan diasporunun rəhbəriyəm".

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Oleq Bakinski ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfinfən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Oleq Bakinski ilə yanaşı 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar