Xəbər verdiyimiz kimi, Oleq Bakinski kimi tanınan kriminal avtoritet Oleq Krapivin Bakıda Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Qeyd olunur ki, törətdiyi cinayət əməlinə görə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Maraqlıdır, mediada "Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri" kimi təqdim olunan Oleq Bakinski Bakıya niyə qayıtmışdı?
Axı, Rusiya-Ukrayna müharibəsinin ilk vaxtlarında o, Kiyevdə idi və həm Azərbaycan, həm də Ukrayna mediasında, eləcə də sosial şəbəkələrdə onun pandemiya dövründə və ondan əvvəl daim azərbaycanlılara dəstək verdiyi, müharibə zamanı isə həm ordu, həm də döyüşlərin getdiyi ərazilərdəki mülki əhaliyə yardımlar etdiyi bildirilirdi. Bəs, qəhrəman obrazı yaradılan Oleq Bakinski əslində kimdir? O, niyə Kiyevdən didərgin salındı və Azərbaycana sığınmalı oldu?
Bakupost.az -ın məlumatına görə, 1960-cı ildə Şamaxıda anadan olan Oleq Krapivin 1989-cu ildə Kiyevə köçüb.
Onun həmin dövrdə Kiyevdə fəaliyyət göstərən “Avdışev” mütəşəkkil cinayətkar dəstəsi və “Juravley” mütəşəkkil cinayətkar qrupları ilə əlaqlərinin olduğu bildirilir. Qeyd olunur ki, 2019-cu ildə o, tanınmış hüquq müdafiəçisi Eduard Bağırovu kafedə görüşə dəvət edib. Oleq Krapivin və əlaltıları hüquq müdafiəçisini döyüb, pasportunu alıb, həyat yoldaşı və uşaqlarını öldürməklə hədələyiblər. 2022-ci ildə isə Krapivin “haqq” ödəmək istəməyən sahibkarı qorxutmaq məqsədilə Kiyevdə Lexus LX 570 markalı avtomobilə atəş açıb.
Ukrayna mediası bildirir ki, Oleq Bakinski qəsb, insan oğurluğu, sifarişli qətllər, Yanukoviç rejiminə və onun əlaltılarına xidmət etməklə tanınıb.
Ukrayna-Rusiya müharibəsi dövründə isə onun Kremllə əlaqələri ortaya çıxıb. Hətta Kadırovun dəstəsi ilə əlaqələri olduğu bildirilən Oleq Bakinskinin Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürdüyü, FTX generalları ilə əlaqələr qurduğu da bildirilir. Bu səbəbdən 2022-ci il iyunun 26-da Ukraynada onun yaşayış icazəsi ləğv edilib, daha sonra isə ölkə ərazisinə girişinə qadağa qoyulub.
Bundan sonra Azərbaycana gələn Oleq Bakinski dəfələrlə Ukraynaya qayıtmağa cəhd etsə də, məqsədinə nail ola bilməyib. Belə ki, o, 2022-ci ilin dekabrında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ukrayna Miqrasiya Xidmətinin yaşayış icazəsinin ləğvi və Ukraynaya giriş qadağası ilə bağlı qərarından şikayət edib. Lakin məhkəmə Miqrasiya Xidmətinin qərarını qüvvədə saxlayıb.
“Ukrayna Milli Polisinin Strateji Təhqiqatlar Departamentinin əməliyyat məlumatlarına görə, Oleq Krapivin cinayətkar qruplaşmaların liderləri, ilk növbədə Rusiya Federasiyasının Qafqaz respublikalarından olan tərəfdarları ilə gizli görüşlər keçirmək üçün Ukrayna ərazisini tərk edib. Mümkündür ki, həmin şəxslər dövlətçiliyin sarsıdılmasına səbəb ola biləcək və Ukraynanın dövlət quruluşunu devirməyə yönəlmiş kütləvi etirazlar və iğtişaşlar təşkil etməyə hazırlaşırlar”, - deyə məhkəmənin qərarında deyilir.
Birinci məhkəmə instansiyasının qərarı ilə razılaşmayan Oleq Bakinski apellyasiya şikayəti verib. Ancaq Apellyasiya Məhkəməsi Ukrayna Miqrasiya Xidmətinin kriminal avtoritetin yaşayış və Ukraynaya giriş icazəsini qanuni olaraq ləğv etdiyini təsdiqləyib.
Oleq Bakinskinin ciddi-cəhdlə Ukraynaya can atmasının səbəblərinə gəlincə, Ukrayna mediası bunu onun onilliklər boyu orada qurduğu cinayətkar şəbəkənin nəzarətsiz qalması ilə izah edir. Digər tərəfdən, Oleq Bakinskinin 80 milyondan artıq sərvətlə Ukraynanın 100 varlı adamı siyahısında olduğu bildirilir. Qeyd olunur ki, onun Kiyev və digər Ukrayna şəhərlərində xeyli sayda biznes obyektləri var.
Qeyd edək ki, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında ötən ilin yanvarında Oleq Krapivinin oğlu Sultanbəy barəsində də cinayət işi açılıb. Onun hərbi xidmətdən yayındığı, atasının köməyi ilə qanunsuz olaraq ölkəni tərk etdiyi bildirilib. Sultanbəyin barəsində beynəlxalq axtarış elan edilib.
Bütün bunlar son iki ildə Oleq Bakinskinin üzləşdiyi uğursuzluqların heç də hamısı deyil. Məsələ burasındadır ki, Azərbaycanda da Oleq Bakinskinin dəstəsinin fəaliyyəti ilə bağlı tədbirlər görülüb. Belə ki, ötən il Azərbaycam Daxili İşlər Nazirliyinin əməkdaşlarının Nərimanov rayonu ərazisində həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində Oleq Bakinskinin cinayətkar dəstəsinin üzvləri Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Miraq Əliyev saxlanılıblar. Onlar iş adamı Sahib İsmayılzadəni oğurlayaraq bir evdə saxlayıb və ondan külli miqdarda pul tələb ediblər.
Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Oleq Krapivinin dəstəsinin üzvləri Ukraynada da çoxsaylı cinayətlərdə iştirak ediblər. Onların xüsusən də adam oğurluğu, soyğunçuluq, reketçilik və şantaj kimi cinayətlər törətdiyi bildirilir.
Qeyd edək ki, Cəbrayılov (fotoda sağda), Ağazadə və Əliyevin Oleq Krapivinlə əlaqəsini sübut etmək kifayət qədər asandır. Belə ki onlar Oleq Bakinskinin rəhbərlik etdiyi Kiyev Azərbaycanlıları Konqresinin üzvləri olublar. Azərbaycanda ifşa olunan dəstə üzvləri "ictimai fəal" adı altında mütəmadi olaraq diaspor tədbirlərində iştirak ediblər.
Ukrayna mediası bildirir ki, Oleq Bakinskinin dəstə üzvlərinin əksəriyyətinin Ukraynaya girişi qadağan edilib və onlar axtarışa veriliblər. Ehtimal olunur ki, bu səbəbdən Cəbrayılov, Ağazadə və Əliyev Azərbaycana - Oleq Krapivinin yanına qayıdıb və sözügedən cinayəti törədiblər.
Sonda onu da qeyd edək ki, Oleq Bakinskinin kriminal fəaliyyəti Azərbaycan diasporunun imicinə də mənfi təsir edir. Məsələ burasındadır ki, bir çox kriminal avtoritetlər ictimai təşkilat və diaspor qurumlarından "qalxan" kimi istifadə edərək, cinayətkar fəaliyyətlə məşğul olurlar. Dövlətin, onun diasporunun adından istifadə edən belə şəxslərin cinayətləri üzə çıxanda isə zərbə bütövlükdə ölkənin imicinə dəyir.
Maraqlıdır, bəs, 2022-ci ildə Şuşada keçirilən və Prezident İlham Əliyevin iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Oleq Bakinskini birinci cərgədə oturdan diaspor siyasətini həyata keçirən dövlət qurumları niyə vaxtında bu məqamları nəzərə almayıblar?
Zaur
BakuPost