Səhiyyə işçilərinin sertifikasiya imtahanı ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək.
Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir.
Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur.
Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər