ABŞ və Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün 310 milyard avro xərcləyib. Bu böyük məbləğ iqtisadi inkişafa və sosial ehtiyaclara xərclənə bilərdi.
Bakupost.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda çıxışı zamanı deyib.
“Amerikalılarla danışıqlarım zamanı məlumat aldım ki, Avropa və Amerika Ukraynaya hərbi yardım üçün 310 milyard avro xərcləyiblər”, - deyə baş nazir bildirib.
O qeyd edib ki, dəqiq hesablamalar aparmaq çətindir, lakin istənilən halda “bu, dəhşətli məbləğdir”.
Orbanın fikrincə, bu pul Qərbi Balkanlarda həyat səviyyəsini Avropa səviyyəsinə qaldırmaq və ya miqrasiyanın qarşısını almaq məqsədilə Şimali Afrika ölkələrinə yardım etmək üçün kifayət edərdi.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen dekabrın 19-da Aİ sammitindən sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, Aİ Ukraynaya artıq 130 milyard avro xərcləyib və 2025-ci ildə silahların tədarükü nəzərə alınmadan daha 30,6 milyard avro ayırmağa hazırdır.
Zaur, BakuPost