Ru
12:02 / 30 Avqust 2024

Özbəkistanla münasibətlərdə yeni mərhələ: Müttəfiqlik nə vəd edir? - TƏHLİL

4986
Tarixi uzaq əsrlərə gedib çıxan Azərbaycan-Özbəkistan münasibətləri özünün ən yüksək zirvəsinə yüksəlib. Xalqlarımızı birləşdirən ortaq dəyərlər, din, dil, adət-ənənələr bu münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verir.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabrın 2-də qurulub. Həmin vaxtdan başlayaraq, əlaqələr getdikcə daha da güclənib.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Ulu Öndər tədbirdə çıxışında bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Heydər Əliyevin 1997-ci ildə Özbəkistana rəsmi səfərini münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Ümumiyyətlə, Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub.

Hazırda dövlətlərimiz arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Xüsusilə 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Məhz həmin il Prezident İlham Əliyev Özbəkistana üç dəfə səfər edib. Bu, Azərbaycan liderinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir.

Şavkat Mirziyoyevin ötən il avqustun 22-23-də yenidən Prezident seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki qardaş ölkənin münasibətlərinin tarixində yeni səhifə açdı. Bu səfər zamanı imzalanan sənədlər və yol xəritələri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Özbəkistan liderinin işğaldan azad edilən ərazilərə - Füzuliyə və Şuşaya səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfəsinin və dəstəyinin daha bir göstəricisi oldu.

Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqının hədiyyəsi olaraq tikilmiş 960 şagird yerlik təhsil ocağının açılışı Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Eyni zamanda, səfərlər zamanı imzalanan sənədlər energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar və s. sahələrdə münasibətlərimizin inkişafında çox vacib rol oynayır. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dan çox sənəd, o cümlədən, strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əlaqələr üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, ümumilikdə Mərkəzi Asiya ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Azərbaycan və Özbəkistan liderlərinin həyata keçirdikləri qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da inkişafına səbəb olub. Bu mənada Prezident İlham Əliyevin avqustun 22-də Özbəkistana etdiyi dövlət səfəri mühüm əhəmiyyət kəsb edir. Səfərdə ən önəmli məqamlardan biri Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması oldu. Müttəfiqlik sazişi dövlətlərarası münasibətlərin ən yüksək formasıdır.




Prezident İlham Əliyev bildirib ki, bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək:



“Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”.




Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib ki, Azərbaycan artıq həm də Özbəkistanın müttəfiqidir:


“Biz bu gün geniş sahələrdə əməkdaşlığımızı müzakirə etdik. Siyasi dialoqu gücləndirməyə, beynəlxalq çərçivədə əməkdaşlığımızı artırmağa qərar verdik. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasını qeyd etdik. 20 əsas istiqamətdə layihələr həyata keçirməyə, kooperasiyalar yaratmağa qərar vermişik. Azərbaycan və Özbəkistan nizamnamə kapitalı 500 milyon dollar olan investisiya fondu yarıdıb, bunu da qeyd etmək istəyirəm”.

Ümumilikdə, Azərbaycan liderinin səfəri zamanı çoxtərəfli münasibətlərin bütün spektri ətraflı müzakirə olunub. Bunlar ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələrdir. Siyasi dialoqu möhkəmləndirmək, çoxtərəfli platformalarda qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, nazirliklər səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam etdirməklə bağlı razılığa gəlinib. Qarşılıqlı fəaliyyətin artırılmasına xüsusi diqqət yetirilib, əmtəə dövriyyəsi həcmlərinin artırılmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, bugünkü əmtəə dövriyyəsini iki dəfə artırmaq üçün bütün əsaslar mövcuddur. Tərəflər, həmçinin növbəti ili “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan etmək barədə razılığa gəliblər. Danışıqlar əsnasında konkret kooperasiya layihələri üzərində dayanılıb.

Azərbaycan və Özbəkistan birlikdə yeni layihələrə - mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisinə, inşaat materiallarının istehsalına və s. başlayacaqlar. Belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir. Həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən, Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səylər davam etdiriləcək.





Bu gün artıq əminliklə demək olar ki, iki ölkə arasında etibarlı, güvənli, sıx dostluq münasibətləri qurulub. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın dövlət başçısının səfəri iki ölkə arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı və qarşıya qoyulan hədəflərə çatmaq baxımından önəmlidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyir ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq möhkəm təməllər üzərində inkişaf etməkdədir. Xüsusilə son dövrlər bu əlaqələr daha da sıx inkişaf edir:


“Bunun da səbəbləri arasında bizi etnik, dil, eləcə də tarix baxımdan birləşdirən tarixi köklər yer alır. Həm Azərbaycan, həm də Özbəkistan zəngin alternativ enerji ehtiyatlarına malikdir. Hesab edirəm ki, bizim iki dövlət olaraq əsas məqsədimiz bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi olmalıdır".




Politoloq İlqar Vəlizadə bildirib ki, Özbəkistan Azərbaycanın qədirbilən xalq olduğunu qiymətləndirir və bu da təbii olaraq isti münasibətlərə adekvat yol açır. Avrasiyada müxtəlif yerlərdə və regionlarda müharibələr, destruktiv proseslər baş verir. Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı, əlaqələrin dərinləşdirilməsi digər ölkələrə bir nümunədir.


İ.Vəlizadənin sözlərinə görə, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyir. Dost ölkə Azərbaycanın işğaldan azad edilən ərazilərində apardığı bərpa və quruculuq işlərində də öz qardaş köməyini əsirgəmir.


“Ötən il Özbəkistanın dəstəyi ilə Füzuli rayonunda Mirzə Uluqbəy adına tam orta məktəb istifadəyə verilib. Prezident İlham Əliyevin qardaş ölkəyə son səfəri çərçivəsində Xankəndidə yüngül sənaye müəssisəsinin inşa edilməsi barədə söhbət aparıldı. Bu da minə qədər yeni iş yeri deməkdir. Bütün bunlar sübut edir ki, Özbəkistan yalnız sözdə deyil, əməldə də Azərbaycanın yanındadır və ölkəmizin haqq işini dəstəkləyir. Azərbaycan və Özbəkistan artıq müttəfiq ölkələrdir. Bu müttəfiqlik həm regionda, həm də Avrasiya məkanında cərəyan edən hadisələrə öz təsirini göstərəcək və bu da öz müsbət nəticələrini verəcək”.




Politoloq İlyas Hüseynovun sözlərinə görə, Özbəkistan Azərbaycan üçün dost, qardaş dövlətdir. Eyni zamanda artıq Azərbaycanla Özbəkistanı müttəfiqlik əlaqələri olan dövlətlər adlandırmaq mümkündür. Çünki müttəfiqlik haqqında müqavilə imzalanıb:


“Özbəkistanla imzalanan sənəd həm hüquqi qüvvəsinə görə üstün hesab olunur, həm də tərəflər arasında strateji münasibətin hazırki səviyyəsini göstərir. Siyasi, iqtisadi, enerji, nəqliyyat, biznes dairələri arasında çox səmimi müzakirələr keçirildi. Biznes strukturları arasında olan birbaşa müzakirələr xüsusilə diqqət çəkdi. Türk Dövlətləri Təşkilatı çərçivəsində də bizim əməkdaşlığımız inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələrin çox yaxşı perspektivləri var. Ümumilikdə ölkə rəhbərinin Özbəkistana səfəri çox uğurlu oldu”.



Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar