Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:50 / 30 Oktyabr 2024

Özümə bir iş tapmağa çalışıram - Əbülfəs Qarayev bu faktları ilk dəfə açıqladı - VİDEO

7449

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev BTV-yə müsahibə verib.


Bakupost.az təqdim edir:


- Əbülfəs müəllim, 26 ilə yaxın nazir postunda çalışdınız. İncəsənət adamları ilə işləmək çətiniydimi Sizin üçün?


- İncəsənət adamlarının öz daxili dünyası var, adi adamlardan müəyyən qədər fərqlənirlər. İş orasındadır ki, istedadlı adam mütləq və mütləq öz daxilində hansısa xüsusiyyətləri daşıyır. Onlar istedadlı olmaqla bərabər, daxili dünyasının axarından asılı olaraq, müəyyən xarakterik xüsusiyyətlərin daşıyıcısıdır. Düşünürəm ki, bu, onları cəmiyyətdə seçdirir. Onlarla işləyən zaman daha həssas, diqqətli olmalısan. İnsan gərək onların daxili dünyasını dərk etsin. Əgər dərk edə bilsən, onda onlarla bir dildə danışırsan, bir fikrin ətrafında birləşirsən. Əgər tapa bilməsən, onda müəyyən ziddiyyətlər əmələ gəlir.

- Hazırda nə ilə məşğulsunuz? Fəaliyyətiniz hansı istiqamətdədir?


- Mən Azərbaycan Turizm və Menecment Universitetində magistrlərə elmi rəhbərlik edirəm. Eyni zamanda İngiltərənin Koventri Universitetində professor kimi çalışıram. Həmçinin bir neçə beynəlxalq qurum var, daha çox turizm sənayesi ilə məşğuldurlar, onlar məni tez-tez konfranslara dəvət edirlər, gedib orda çıxış edirəm.

- Aktiv fəaliyyətiniz davam edir?


- Aktiv deməzdim. O qədər də aktiv deyil. Nazir vəzifəsindən sonra hansısa iş aktiv ola bilməz. Çünki o böyük bir səfərbərlik tələb edirdi. Amma çalışıram ki, nə iləsə məşğul olum.

- O post üçün darıxırsınızmı?


- Post üçün yox, darıxmıram. Post üçün darıxmaq düzgün deyil. Amma hərdən o canlı həyat üçün darıxıram.

- Sizdən sonra mədəniyyət sahəsində pis və ya yaxşı nə kimi dəyişikliklər müşahidə etmisiniz? Etmisinizsə, bunlar hansılardır?


- Mən həmişə çalışıram ki, bütün dəyişikliklərə müsbət baxam. Çünki cəmiyyət istər-istəməz qabağa, tərəqqiyə doğru getməlidir və hər bir yeni mərhələ yeni situasiyaları, yeni məzmunu, tələbləri irəli sürür. Sözsüz ki, bəzən kimsə başlayır mübahisə etməyə, hansısa dövrü yeni dövrlə müqayisə edir. Mən ancaq öz işlədiyim dövrə məsuliyyət daşıya bilərəm. Məndən sonra iki nazir dəyişib. Onlara böyük hörmətlə yanaşıram, öncədən də tanıyırdım, birgə çoxlu tədbirlər keçirmişik. Onlara ancaq uğurlar diləyirəm. Amma hər bir dövrün öz qaydaları, öz şərtləri var. Onlara uyğun hərəkət edilməlidir.

- Əslində mən şəxs baxımından soruşmadım. Məsələn, siz indi bu şərtlərlə nazir postunda olsaydınız, hansı dəyişiklikləri edərdiniz? Bu baxımdan soruşdum.


- Mən onu deyə bilmərəm. Çünki mən indi o postu daşımıram, o proseslərin içində deyiləm. Amma mən bu yaxınlarda bir neçə insanla söhbət edəndə fikrimi belə ifadə etdim ki, bu gün Azərbaycanın müasir dövrünün xüsusiyyəti ondan ibarətdir ki, biz artıq qalib gəlmiş xalqıq. Və qalib gəlmiş xalqın həm mənəviyyatı, həm bütün hərəkətləri gərginliyin, bədbəxtliyin içində başladığımız dövrə nisbətən fərqli olmalıdır. Ona görə hesab edirəm ki, bu xüsusiyyətləri, daha çox qalib duyğuları insanlara təbliğ etmək olduqca vacibdir. Bəlkə də mən indi işləsəydim bu sahəyə daha çox fikir verərdim.

- Azərbaycanda kino sənayesinin hazırkı durumu ürəyinizcədirmi? Bunu yaxşılaşdırmaq üçün nə etmək lazımdır?


- Kino böyük biznesdir. Böyük vəsait qoymasan, ortalığa böyük işlər çıxmayacaq. Lakin dövlətin müəyyən bir ana xətti var. Bu ana xətt ilə müəyyən filmlərin çəkilişinə üstünlük verilməlidir. Bu gün hansısa özəl, Art Sinema deyilən istiqamətlərə bəlkə də daha az fikir verilməlidir. Hərbi vətənpərvərlik, uşaqların tərbiyəsi, mənəviyyat, xalqın sosial durumu və digər mövzular daha önəmlidir bu gün. Həmişə də belə olub. Ona görə də dövlətin vəzifəsi ondan ibarətdir ki, bu sahədə çəkilən filmlər daha çox maliyyələşdirilsin. Nə deyim?! Bu gün mən görürəm ki, islahatlar davam etdirilir. Vaxtilə bizim təşəbbüsümüz olub ki, agentlik yaradılsın. Agentlik mən gedəndən sonra yaradıldı və öz funksiyalarını davam etdirir. İnanıram ki, müəyyən bir vaxtda ortaya maraqlı layihələr çıxacaq. Mən çox sevinirəm ki, bu yaxınlarda, axırıncı Kann festivalında azərbaycanlı prodüsserin işi də əsas müsabiqəyə daxil oldu. Artıq Azərbaycan kinosunun Kann festivalında digərləri ilə yanaşı nümayişi sözsüz ki, sevindiricidir. Mən işlədiyim dövrdə Azərbaycan filmləri təxminən 250-dən çox beynəlxalq festivallarda iştirak etdi. Müəyyən qələbələr əldə etdilər. Çoxlu gənc və istedadlı kino xadimləri formalaşdı. Mən sevinirəm ki, bu gün onlar öz işlərini davam etdirirlər. Çox sevinirəm ki, bu gün tək dövlət kino çəkilişinə diqqət yetirmir, özəl şirkətlər də film çəkilişi ilə məşğuldurlar.

- Bir az əvvəl bizim möhtəşəm qələbəmizdən danışdıq. Bu qələbəni əks etdirən dünya çapında bir film çəkilməlidirmi? Niyə ərsəyə gəlmir?


- Vaxtı gələcək, cəkiləcək. Dərhal, hadisədən sonra böyük bir çəkilişi, filmi ərsəyə gətirmək olmur. Öncə o filmin mövzusu nə üstə qurulmalıdır? Bəlkə də bu gün müharibəni göstərmək lazım deyil. Orada qəhrəmanları müəyyənləşdirmək lazımdır. Müəyyən bir ssenari hazırlanmalıdır. Yaradıcı insanlar müəyyən bir vaxt keçdikdən sonra mövzunu təhlil edib, qavrayıb onu həzm etdikdən sonra ortalığa çıxarda bilərlər. Mən inanıram ki, bu proses gedir. İşlər ortaya qoyulacaq. Əsas müharibənin insanlara təsiri göstərilməlidir.
- Xalq artisti və Əməkdar artist adları uğrunda kifayət qədər mübarizə aparılan və cəlbedici sözlərdir. Bir qrup şəxs düşünür ki, bu adlar ləğv olunmalıdır, lazım deyil. Onu əsas gətirirlər ki, səhnənin tozunu udan, illərlə səhnədə olan insanlar qalır kənarda. Təbii ki, hamısına şamil edilmir. Amma qısa müddət səhnədə mahnı oxuyan və ya incəsənətin başqa bir sahəsi ilə məşğul olan insanlar Xalq artisti və ya Əməkdar artist adlarını alır. Və bu ədalətsizlikdir. Siz necə düşünürsünüz?


- Vaxt gələcək o adlar ləğv olunacaq. Bu müəyyən bir ideoloji çərçivələrin qalıqlarıdır. Bu gün bu, bizə lazımdır. Çünki maddi baxımdan, cəmiyyətdə seçilmək üçün lazım olan bir addır. Amma gəlin baxaq, bu adlar hansı ölkələrdə verilir? Bu adlar yalnız sovet ittifaqı tarixini yaşamış ölkələrdədir. Bu insanlara təsir üçün bir vasitədir.
- Hansı kriteriyalara görə verilir?


- Kriteriyalar çoxdur. Bir addan o biri ada keçmək üçün azı 5 il keçməlidir. Belə qaydalar, əsasnamə var. Bu adların qalıb-qalmaması məsələsi Ulu Öndər Heydər Əliyevin dövründə də müzakirə olundu. Mən düşünürəm ki, dövlət tərəfindən mütləq və mütləq müəyyən incəsənət növlərinin dəstəklənməsinə ehtiyac var. Bu təbiidir. Çünki dövlətin qayğısı bizim klassik musiqimizin, xalq yaradıcılığının üstündə olmasa, bu, yavaş-yavaş müflisləşəcək. Ona görə də bu sahəyə vəsait ayrılmalıdır. Xalq artisti və Əməkdar artist adları hazırkı vəziyyətdə bir dəstək formasıdır. Vaxt gələcək ləğv olunacaq.

- Gənclərdən və musiqidən danışdıq, yadıma gənclərin bəzilərinin musiqi zövqü düşdü. Əsasən də sosial şəbəkələrdə bayağı, pis vərdişləri aşılayan meyxanaların təbliğ olunması...


- Bu təbliğat mövzusu başqa mövzudur. Nəyi təbliğ edirlər və nə dərəcədə mədəni çərçivələri saxlayırlar. Qaldı yaradıcılığın özü, bu, bir təhlildir. Bütün dünyada müasir qloballaşma ona gətirir ki, müəyyən axtarışlara əl atırlar. İstər-istəməz bunlar yer alır. Daha yüngül forma insanlara daha tez yol tapır. Lakin burada fərdi iş lazımdır. Bəzi insanlar düşünürlər ki, öz yaradıcılıqları ilə qabağa gedib yenilik edirlər. Onlara izah etmək lazımdır ki, bu axını başqa istiqamətə yönəltmək lazımdır. Bu gün TikTok, Yutub, İnstaqarm onlara imkan verir.

- Vaxtilə snətkarlara, incəsənət xadimlərinə daha çox diqqət ayrılırdı. Onlar üçün şəhərin mərkəzində ev ayrılırdı,yaşadıqları binlara onların adları verilirdi. Amma bu gün bir çox sənət adamları şəhərin mərkəzindən kənarda yaşayır, bəziləri isə kirayədə qalır. Buna münasibətiniz necədir?


- Mən belə müqayisə etməzdim. Ona görə ki, vaxtilə sovet dövründə bəstəkarlar, yazıçılar evləri tikilirdi. Bizim dövrümüzdə Prezidentin tapşırığı ilə yazıçılara, rəssamlara, musiqi xadimlərinə, bəstəkarlara ayrıca bir sanatoriya tikildi. Onlar gedib orda istirahət edirlər. Mən bildiyimə görə, həm Heydər Əliyev Fondu, həm də Prezident incəsənət xadimlərinə diqqətlə yanaşır. Ehtiyacı olanlara yardımlar edilir. Tanınmış incəsənət xadimlərinin şəhərin mərkəzində heykəlləri ucaldılıb. Bu gün bu mərtəbəyə qalxmaq üçün gərək çalışasan, ortaya yaxşı əsərlər qoyasan.

- Vəzifə, tanınmaq kifayət qədər cəlbedicidir. Bu saydıqlarımızın o biri üzü də var. Sizin bu avantajın digər üçün ilə tanışlığınız oldumu?


- Sözsüz ki, hər bir işin müsbət və mənfi tərəfləri var. Mən normal həyatda bunun hər iki üzünü görürəm. Narazı adamlar olacaq. Çünki mən hamı üçün yaxşı ola bilmərəm. Kiminsə xahişini yerinə yetirə bilmədim. Beşini yerinə yetirdim, birini yerinə yetirə bilmədim. Belə şeylər oldu. Bəzən küçədə gedəndə görürəm ki, bəzi adamlar görür, gözünü qaçırır. Bəziləri gəlib salamlaşır. Vəzifənin məsuliyyəti tamamilə fərqlidir. Bu vəzifə müəyyən insanların taleləri, rifahı ilə bilavasitə bağlı olan vəzifədir. Sən o vəzifədə olarkən tək özünə cavabdeh deyilsən. Sən bütün sahəyə cavabdeh olmalısan. Bəzən fərdi maraq ictimai marağın qabağında unudulmalıdır. Bu, həyatdır. Onun müxtəlif üzləri var.

- "Mənə qarşı çox haqsızlıqlar oldu" deyə düşündüyünüz olubmu?


- Mənim dövrümdə nazirlikdə bəzi nöqsanlar oldu və o nöqsanlar mənim gözümdən qaçdı. Onun nəticəsi pis oldu. Mən deyə bilmərəm ki, mənə qarşı ədalətsizlik olub. Hamı qanun qarşısında eynidir. Əgər səhv varsa, onun məsuliyyətini çəkmək lazımdır. Ədalətsizlik onda olur ki, bu işin nəticəsində müəyyən insanları itirirsən. Dostlar, yaxınlar qalıb. Amma elə insanlar var ki, onları dost bilirdim, indi yoxdurlar.

- İnsanlara güvəninizdə sarsılma oldu demək...


- Bəzilərində oldu. Amma bu, ümumi insanlara şamil olunmur.

- Çətin dönəmlərdən necə çıxırsınız?


- Özündə güc tapıb öz mövqeyini müdafiə edib vəziyyətdən çıxmaq lazımdır. İnsan daxilində hiss etsə ki, düz yoldadır və bu yolu davam etməlidir, onda vəziyyətdən çıxacaq...

Müsahibənin tam versiyasını You Tube kanalımızda...




BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar