Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları arasında pambıq mahlıcı xüsusi çəkiyə malikdir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106 450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. İxrac olunan pambıq mahlıcının dəyərində isə ötən illə müqayisədə 1,6 dəfə artım var. Cari ilin yanvar-oktyabr aylarında ixrac olunan pambıq mahlıcının ümumi dəyəri 160,4 milyon dollar təşkil edib.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Cəfər İbrahimli
Bakupost.az -a bildirib ki, hazırda dünya bazarlarında pambığa tələbat var. İqlim dəyişmələri pambığın məhsuldarlığına təsir göstərir və istehsalın azalmasına gətirir:
"Pambıq su sevən bitkidir və Azərbaycanın ancaq 12-14 rayonunda əkilə bilir. Hər il təxminən 100 min hektar sahədə pambıq əkirik. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirilir. Bu mexanizmlər sayəsində əkinə maraq artıb. Bu sahədə subsidiyanın verilməsi pambıq istehsalını stimullaşdırıb”.
Ekspert vurğulayıb ki, pambıqçılığın inkişafı, eyni zamanda, regionlarda məşğulluğun gücləndirilməsi baxımdan da vacibdir: “Pambıqçılığın inkişafı bu sahədə daha çox vətəndaşın çalışmasına imkan yaradır. Bu, regionlarda işsizlik səviyyəsinin azaldılmasına səbəb olmaqla yanaşı, həmçinin daha çox gəlirin əldə edilməsi baxımdan da vacibdir”.
Sevinc,
BakuPost