Qeyd olunur ki, 1989-cu il təvəllüdlü Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında xəbərsiz şəkildə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı
Bakupost.az -a danışan G.Əşrəfovanın anası Tacirə Kərimova qızının əvvəllər bir neçə dəfə intihara cəhd etdiyini bildirib:
“Qızımın panik atak xəstəliyi var idi. Evdən qaçıb getmək, özünü öldürmək cəhdləri olurdu. Bir dəfə onlara gedib gördüm ki, qazı açıb özünü boğur. Huşunu itirmişdi, tez xəstəxanaya çatdırdıq, müalicə etdirdik, yaxşı oldu, evə gəldi”.
T.Kərimova Günayın evdən getməsinə səbəb kimi onun xəstəxanaya yerləşdiriləcəyini eşitməsindən şübhələndiyini deyir:
“Son vaxtlar istəyirdik ki, onu aparıb xəstəxanaya qoyaq. Yoldaşı ilə danışıb dedim ki, elə dəfələrlə mən edirəm, bu dəfə də sən elə. Həmişə mən edirdim, əsəbləşirdi. Onu əsəbləşdirmək olmazdı. Elə bu haqda söhbət üçün onlara getmişdim. Bir də baxdıq ki, yoxdur. Yoldaşı gedib otağa girəndə gördü ki, pəncərə açıqdır, barmaqlıq yerindən çıxıb. Barmaqlıq olsaydı, gedə bilməzdi. Bəlkə eşitdi ki, bunu xəstəxanaya qoyacağıq, ona görə qaçdı. Sonra ora-bura baxdıq, tapa bilmədik.”
T.Kərimovanın sözlərinə görə, təhlükəsizlik kameralarına baxış keçirilsə də, axtarışlar hələ də nəticə verməyib:
“Polislər müəyyən etdi ki, sən demə, biz göstərdiyimiz səmtlə qaçmayıb, başqa istiqamətdə qaçıb. Bu, kameraya düşmüşdü. Amma ondan sonrakı kameraların vaxtı qurtarıb deyə polislər tapa bilmir. Görüntülərdə həmin vaxt yoldan üç maşın keçir. Deyirdilər, o maşınlara minib gedə bilər. Onu da yoxlayıblar, amma görüblər ki, həmin maşınlar boş gedir. Neçə vaxt polisləri gözlədik, deyirdilər ki, biz taparıq. Ona görə bu boyda gecikdirdik, vaxtında ictimailəşdirmədik”.
T.Kərimova qızı Günayın həyat yoldaşı ilə münasibətləri barədə sualı cavablandırarkən, ailədə müəyyən söz-söhbətlərin olduğunu etiraf edib:
“Olurdu. Evləri sözlü-söhbətli idi. Evdir də, problemsiz ev olmur axı. Hər evdə söz-söhbət olur”, - deyə o bildirib.
O əlavə edib ki, həyat yoldaşı Günayın qaçdığı anı təhlükəsizlik kameralarında görüb, lakin ilk baxışda onu tanımayıb:
“Yoldaşı əslində bunu görübmüş. Yolu keçəndə görüb ki, əynində qırmızı geyim var. Deyir, mən elə bildim, o, olmaz, çünki həmin gün qara idman geyimində idi. Daha sonra kamerada dəqiqləşəndən sonra anlayıb ki,qırmızı geyimdə olan elə Günayın özü imiş”.
Anasının sözlərinə görə, Günay evdən tələsik və hazırlıqsız çıxıb:
"Ayaqyalın gedib. Nə pasportunu, nə də telefonunu götürüb. Polislər deyir ki, əgər telefon aparsaydı, onu daha tez tapmaq mümkün olardı".
T.Kərimova, hadisənin ictimaiyyətin və media nümayəndələrinin diqqətində olduğunu vurğulayıb:
“Bu dəqiqə bütün jurnalistlər mənə zəng edir. Hətta Xoşqədəmin özü də zəng etmişdi, mənimlə danışdı”.
Lalə Novruz, BakuPost