Texnologiya ilə təhlükəsizlik arasında görünməyən psixoloji savaş
Hər birimiz telefonlarımızda, kompüterlərimizdə, sosial şəbəkə və e-poçt hesablarımızda parollardan istifadə edirik. İki pilləli, hətta üç pilləli təhlükəsizlik sistemləri artıq gündəlik həyatımızın bir parçasına çevrilib.
Amma bir sual var: bizi qorumaq üçün yaradılmış bu sistemlər, əslində bizi gündəlik həyatın içində əsirə çevirmirmi?
Telefonu açmaq – kiçik, amma yorucu mərasim
Səhər oyanırsan, telefonun ekranına baxırsan – barmaq izi oxunmur, parol istəyir. Bəzən ikinci təsdiq də lazımdır – kod telefonuna gəlir, onu yazmalısan. Sadəcə bir bildirişə baxmaq üçün bu qədər mərhələ keçmək məcburiyyətindəsən. Hər dəfə cihazını istifadə etməzdən əvvəl təkrar-təkrar eyni proses: aç, yaz, təsdiqlə…
Bu vərdiş artıq texnoloji rutindən çıxıb, psixoloji yüklənməyə çevrilib. Çünki insan beyni, xüsusilə gündəlik qərar proseslərində, sadəlik və avtomatlaşmaya meyllidir. Ancaq daim parol xatırlamaq, onu yazmaq, dəyişdirmək beyni lazımsız məşğul edir.
Təhlükəsizlik qorxusu: texnoloji paranoya?
Hər il on minlərlə insanın şəxsi məlumatları oğurlanır, bank kartları ələ keçirilir, şəxsi fotolar yayılır. Bu, insanları daha çox qorunmağa vadar edir. Amma bu qorunmaq bəzən “təhlükəsizlik xofu”na çevrilir. İnsanlar düşünür ki, parollar nə qədər mürəkkəb olsa, o qədər güvəndədirlər. Hətta bunun üçün müxtəlif tətbiqlər yükləyir, yazılı siyahılar tərtib edirlər.
Bu qədər qorxu və tədbir isə insanın həyat keyfiyyətinə, rahatlığına təsir edir. İnsan texnologiyaya hakim olmaq əvəzinə, ona xidmət etməyə başlayır.
Alternativlər var – Bəs etibarlıdırmı?
Texnologiya bu problemin fərqindədir. Ona görə də alternativlər təklif olunur: barmaq izi, üz tanıma, cihazla əlaqəli “ağıllı kilidlər”, parol menecerləri və s. Amma onların da hər biri ya texniki problemlərlə üzləşir, ya da tam güvən vermir. Məsələn, bəzi hallarda barmaq izi oxunmur, üz tanıma gün işığında işləmir, parol menecerləri isə özləri hədəfə çevrilə bilər.
Belə olan halda sual yaranır: təhlükəsizlik üçün bu qədər çətinlik vacibdirmi?
Təhlükəsizliklə rahatlıq arasında balans
Əlbəttə, parollar tamamilə ləğv olunmamalıdır. Ancaq onların tətbiqində sadəlik və ağıllı yanaşma olmalıdır. Məsələn, cihazı güvənilən şəbəkədə və ya müəyyən coğrafi ərazidə sadə girişlə açmaq mümkündür. Yaxud gündəlik istifadə olunan hesablar üçün kompleks parollara ehtiyac yoxdur.
Unutmaq olmaz ki, təhlükəsizliklə yanaşı, insan psixologiyası da önəmlidir. Biz texnologiyaya nə qədər güvənirik? O bizə rahatlıq verir, yoxsa əlavə yük olur? Bu suallara cavab verdikdə, təhlükəsizlik tədbirlərini də yenidən düşünməli olacağıq.
Son söz:
Parol həyatın bir hissəsidir. Amma həyatın özünü “şifrə” halına gətirməyə dəyməz. Texnologiyanı həyatımızı çətinləşdirmək üçün deyil, sadələşdirmək üçün istifadə etməliyik.
Elnur
BakuPost