“Ermənistan hökuməti 1 aprel - 13 iyun tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışını planlaşdırır. Toplanış rekord müddətdə – tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir. Sputnikdən çəkilən görüntülərə əsasən, Ermənistan sərhəd bölgələrində yeni səngərlər qazaraq müdafiə mövqelərini gücləndirir. Naxçıvan MR istiqamətində də erməni ordusunun istehkamlar qazdığı məlum olub. Son vaxtlar dronların alınması diqqəti çəkir. 2024-cü ilin dekabrından etibarən Ermənistan silahlı qüvvələri əsas diqqətini pilotsuz texnologiyalara yönəldir”.
Bu fikirləri
Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, son zamanlar Ermənistanda müxalifət partiyaları da aktivləşib:

"Qarşıdan seçkilərin gəldiyini də nəzərə alsaq, Paşinyan təzyiqləri neytrallaşdırmaq və hakimiyyətini qorumaq üçün hərbi hiyləyə əl ataraq şərti sərhədlərdə müəyyən irəliləyişə nail olmaq istəyə bilər. Müharibə təhlükəsi yarandıqda insanlar daha çox hökumətin ətrafında birləşir. Paşinyan bu mexanizmdən istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə çalışa, eyni zamanda bəzi xarici ölkələrin daxildəki siyasi proseslərə müdaxiləsini zəiflətməyi qarşısına məqsəd qoya bilər. Digər tərəfdən, unutmayaq ki, hazırda bütün kommunikasiya yolları uğrunda mübarizənin və toqquşmaların getdiyi bir vaxtda Zəngəzurda da vəziyyəti müharibə həddinə çatdırmaq istəyən qlobal və regional qüvvələr arasında mübarizə şiddətlənməkdədir. Hazırda Husilərə qarşı ABŞ ordusu tərəfindən aviazərbələrin endirilməsi, İsrail-Qəzza-Livan- Misir kommunikasiya xəttindəki məlum proseslər, Rusiya və Ukrayna arasındakı müharibə, Suveyş və Panama kanalları ətrafında gərginliklər onu göstərir ki, yollar uğrunda müharibələrə start veriliib və bütün bunlar Cənubi Qafqaz üçün də bir sıra çağırışlar vəd edir”.
Sevinc,
BakuPost