“Ermənistanda Qarabağ klanı həlledici döyüşə girişir. Onların məqsədi erməni xalqının müşküllərini həll etmək, dövlətin problemlərinə əcnam qılmaq deyil, hakimiyyəti ələ keçirib 20 il ərzində olduğu kimi Ermənistanı və erməni xalqını qarət etməkdir”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, keçirilən mitinqlərlə Nikol Paşinyanı devirməyin mümkün olmadığını bildirib:
“Onlar iddia edirlər ki, sərhədlərin delimitasiya və demarkasiyası getməməlidir. Necə yəni getməməlidir? Sərhədlərin delimitasiyası o zaman mövcud olur ki, iki qonşu dövlət arasında razılıq əldə edilir, sənəd təsdiqlənir və ondan sonra həmin iki dövlətin hər birinin qanuni dövlət sərhəddi olur. Əgər onlar delimitasiya və demarkasiya prosesinə etiraz edirlərsə, demək istəyirlər ki, Ermənistan Respublikasının qanuni, beynəlxalq hüquqLa tanınan sərhədləri olmamalıdır. Bunlar təbii ki, torpaqları vermək yox, almaq uğrunda mübarizə aparırlar. Bu o deməkdir ki, ərazi iddiası irəli sürəcəklər. Ona görə də öz beynəlxalq və hərbi vəziyyətlərinə, bir də Azərbaycanınkına baxsınlar. Ondan sonra xalqı döyüşə, mitinqlərə səsləsinlər. Yəni bu köhnə mafiyanın son döyüşüdür. Məncə, buna müvəffəq olmayacaqlar. Onlar zalımdır, Paşinyan onlardan da zalımdır. Yəni Paşinyan hakimiyyəti verməyəcək. Çünki onun arxasında mütəşəkkil komandası var. O, dövlət aparatını özünə sadiq adamlarla doldura bilib. Orduda da müdafiə naziri faktiki olaraq Paşinyanın adamıdır. Rusiya da təsir göstərir, imkanlardan istifadə edir. Əminəm ki, Paşinyana qarşı terror aktı olmasa, mitinq yoluyla onu devirmək mümkün olmayacaq”.
Vasif Əlihüseyn
BakuPost