“Paşinyan sülh sazişinin son 2 maddəsini məcburən qəbul etdi. Özbaşına olsaydı, 2 gün əvvələ qədərki inadını davam etdirərdi. Nə baş verdi ki, o, 17 maddəlik layihəni tam təsdiqlədi? Halbuki mübahisəli 2 maddənin hər biri haqqında Paşinyanın öz inkar arqumentləri var idi və aylarla mövqeyindən geri durmurdu. Sərhədlərdə 3-cü qüvvələrin yerləşdirilməsindən imtina etmək. Paşinyan bunu qəbul etmək istəmirdi. Deyirdi, onlar atəşkəsə nəzarət edir, Azərbaycanla sərhədlərin delimitasiya olunmuş hissəsindən 3-cü qüvvələr çıxsın, qalan yerlərdə isə delimitasiya bitənə qədər qalsınlar. Ancaq baş nazir sonda qəbul etdi ki, 3- cü qüvvələr sərhədlərimizin bütün hissələrindən çıxarılsın. Ərazi iddiaları ilə bağlı Paşinyan deyirdi ki, dövlətlər miqyasında imtina edək, lakin fərdlər üçün hüquqi iddia imkanı saxlansın. Paşinyana daxildən böyük təpki risqi olsa da, o, 2-ci mübahisəli maddə ilə də razılaşdı. Halbuki bu da onun üçün çox çətin idi. Baş naziri bu qədər kəskinliklə mövqeyini dəyişməyə vadar edən səbəblər var”.
Bunu
Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.
O qeyd edib ki, dünyadakı geosiyasi güc nisbətində dəyişiklik meylləri var:

"Həm də Ermənistan üçün əlverişli olmayan dəyişikliklərdən söhbət gedir. Amerikanın Ermənistana dəstəyi zəifləyir, ABŞ Ukraynada yumşaq kursa keçdiyi üçün Rusiya yavaş-yavaş özünə gəlir, Avropa Ermənistanı atmaq istəməsə də, əvvəlki fəallığı göstərə bilmir, çünki öz hayına qalmaq zorundadır. Bu vəziyyətdə Rusiyanın Paşinyana təzyiqləri bir qədər güclənmək imkanına malikdir. Avropadakı "müəllimlər" Paşinyana dərhal tövsiyə verdilər. Dedilər, eyni vaxtda həm Azərbaycanın, həm də Rusiyanın təzyiqi altında qalmaq sizin üçün əlverişli mövqe deyil və Azərbaycanla vəziyyəti qismən yumşaldaraq ikitərəfli zərbənin hədəfindən çıxmaq məsləhətdir. Eyni zamanda Avropadan Paşinyana bu da xatırladılıb ki, Türkiyə ilə açılım sizin xeyrinizədir, Azərbaycansız bunu edə bilməzsiniz. Türkiyə üzərindən Avropaya çıxış imkanı almaqla Rusiyanın basqıları qarşısında qismən əlavə güc ala bilərsiniz. Beləliklə, Avropanın məsləhəti ilə hərəkət edən Ermənistan bir daha müstəqil ölkə olmadığını sübut etdi. Bu mənada Ermənistanın formal olaraq sülhə meyllənməsi sadəcə, müvəqqəti xarakter daşıya bilər. Yəni Rusiya- Ukrayna cəbhəsində və Amerika - Rusiya münasibətlərində geriyə dönüş başlasa, Paşinyan Avropadakı dostlarından yeni sifariş alacaq - Azərbaycanla gərginlik bərpa edilməlidir. Ermənistanın bu ssenari üçün də ayrıca arqumentləri var. Məsələn, indidən başlayıblar ki, Avropa Birliyinin missiyası sərhədlərdən çıxarılmaya bilər, çünki onlar hərbi qüvvə yox, mülki missiyadır. Eləcə də konstitusiyanın dəyişdirilməsi və Minsk Qrupundan imtina məsələsini bu məqsədlə bəhanə gətirə bilərlər”.
Sevinc,
BakuPost